00:00:00
Yazar
Güllər Gülhüseynova
17.09.2026 20:49 243 2 dəq oxuma
Siyasət

Tramp Körfəz ölkələrinin liderləri ilə görüşəcək

Tramp Körfəz ölkələrinin liderləri ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Körfəz ölkələrinin liderləri ilə görüş keçirməyi planlaşdırır.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Körfəz Əməkdaşlıq Şurası ölkələrinin liderləri ilə keçirəcəyi görüşün əsas gündəmini İranla davam edən müharibənin növbəti mərhələsi və münaqişədən sonrakı regional strategiya təşkil edir:

 

“ABŞ-nin Prezident administrasiyasının bəyanatına görə İranla müharibənin birinci mərhələsi başa çatmış hesab olunur. Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Oman liderlərinin və ya yüksək səviyyəli nümayəndələrinin qatılacağı bu sammit demək olar ki, Yaxın Şərqin gələcək təhlükəsizlik arxitekturasını formalaşdırmaq məqsədi daşıyır. Həmçinin ABŞ administrasiyası 7 aydır davam edən İran münaqişəsindən sonrakı dövr üçün genişmiqyaslı idarəetmə və sabitləşdirmə planı hazırladığını qeyd edir. Vaşinqton noyabrda keçiriləcək seçkilərdən sonra bu strategiyanı tam yekunlaşdırmağı hədəfləyir və Körfəz müttəfiqlərinin rəyini öyrənmək istəyir. Çünki bu istiqamətdə yeni xarici siyasət kursunu müəyyən etmək üçün sözü gedən ölkələrin mövqeyi önəmlidir. Regional təhlükəsizliyin təmin edilməsi üçün ərəb müttəfiqləri ilə birgə koordinasiyalı regional əməkdaşlıq platformasının yaradılması məsələsi müzakirə oluna bilər”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, münaqişə fonunda Hörmüz boğazında naviqasiya məhdudiyyətləri, qlobal neft-qaz qiymətlərinin yüksəlməsi və Səudiyyə Ərəbistanının neft boru kəmərlərinə husilər tərəfindən edilən son hücumlar da iqtisadi müzakirələrin mərkəzindədir:

 

“Bununla yanaşı son günlərdə husilərin Qırmızı dəniz və Babülməndəb boğazı ətrafında irəliləməsi, həmçinin Səudiyyə Ərəbistanına qarşı dron və raket zərbələrini intensivləşdirməsi bu görüş əsnasında Səudiyyə Ərəbistanını da narahat edən məsələlərin həlli istiqamətində əlverişli ola bilər. Eyni zamanda ABŞ rəsmilərinin Omanın vasitəçiliyi ilə husilərlə apardığı gizli danışıqların nəticələri də masaya gətirilə bilər. Prezident Trampın İranın sülh sazişinə meyilli olduğu və birbaşa təmasların qurulduğu barədə iddiaları fonunda atılacaq növbəti diplomatik addımların təfərrüatları bu görüşdə məlum olacaq.  Bu sammit Tramp administrasiyasının Yaxın Şərqdə genişmiqyaslı hərbi müdaxilələri məhdudlaşdırıb, iqtisadi təzyiq və regional müttəfiqlərin gücləndirilməsi strategiyasına, demək olar ki, izolyasiya siyasətinə keçidinin bariz göstəricisidir. Ümumiyyətlə görüşün nəticələri həm regiondakı hərbi qarşıdurmanın gedişatına, həm də ABŞ-nin noyabr seçkiləri ərəfəsindəki xarici siyasət reytinqinə birbaşa təsir göstərəcək”.

 

Güllər Gülhüseynova

#gündəm #görüşəcək #tramp #liderləri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər