Tramp-Merts arasında fikir ayrılığı: ABŞ-Almaniya xəttində ziddiyyət
ABŞ Prezidenti Donald Tramp ilə Almaniya kansleri Fridrix Merts arasında yaranan fikir ayrılığı beynəlxalq münasibətlərdə prioritetlərin necə müəyyənləşdirildiyini bir daha gündəmə gətirir. Xüsusilə İranın nüvə proqramı, Ukraynadakı müharibə və Avropanın təhlükəsizlik məsələləri fonunda böyük dövlətlərin mövqeləri tez-tez toqquşur.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın mütəmadi olaraq ziddiyyətli açıqlamaları beynəlxalq aləmdə qeyri-stabil siyasi vəziyyətin davam etməsinə təkan verir:
"Müəyyən vaxtlarda Avropa ölkələrini təhdid edir yaxud da bu cür açıqlamalar verir. Hər halda onun çağırışına Almaniya hökuməti də əməli şəkildə münasibət ortaya qoyacaq. İran məsələsində əsasən İsrail və ABŞ özü iştirak edir. Hörmüz boğazına nəzarət prosesində Almaniyanın da maraqları nəzərə çarpırdı. Bu onu göstərir ki, ABŞ İranla bağlı tam qənaətə gəlib və rejimi devirməkdə qətiyyətlidir. Bu cür bəyanatlarla da İranda özünə çox şərik istəmir. Sərvətlərin bölünməsində ABŞ üçün Almaniyanın da pay alması arzuedilməzdir. Lakin ümumilikdə bu çağırışın ABŞ-Almaniya münasibətlərinə mənfi təsiri də ola bilər. Çünki Vaşinqton Avropa üzərində də liderliyi, təsir qüvvəsini üzərinə götürmək istəyir. Bu da Almaniya da daxil olmaqla Avropa ölkələrində narahatlıq yaradır".
Mehriban Yariyeva