00:00:00
Yazar
Nərmin Həşimova
18.05.2026 21:04 41 3 dəq oxuma
Siyasət

Tramp-Netanyahu telefon danışığı: İran gərginliyi yenidən gündəmdə

Tramp-Netanyahu telefon danışığı: İran gərginliyi yenidən gündəmdə

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Tərəflər danışıq zamanı İran ətrafındakı məsələləri müzakirə ediblər.


Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail, əldə olunan atəşkəsə baxmayaraq, nüvə proqramlarının dayandırılması, eləcə də digər strateji tələblərin yerinə yetirilməyəcəyi təqdirdə İranla müharibənin yenidən başlayacağını bəyan edir:


“8 apreldə ABŞ və İran arasında atəşkəs razılaşması əldə edilsə də, İsrailin Baş naziri Benyamin Netanyahu bu danışıqların İranla hərbi əməliyyatların tam yekunlaşması mənasına gəlmədiyini bəyan edir. Onun sözlərinə görə, İran üzərinə götürdüyü öhdəlikləri icra edənə qədər hərbi əməliyyatlar dayandırılmır. İsrailin sülh danışıqları üçün "qırmızı xətt" kimi müəyyənləşdirdiyi ilkin tələblərə İranın nüvə tədqiqatlarından imtina etməsi, uranın zənginləşdirilməsinin dayandırılması, zənginləşdirilmiş uranın ölkədən çıxarılması və raket sənayesinin dondurulması daxildir. Sonradan bu siyahıya rejim dəyişikliyi və Hörmüz boğazında əvvəlki qaydada keçid şəraitinin yaradılması kimi bir çox şərtlər də əlavə olunur. İsrail tərəfi bu məsələlərdə razılıq əldə olunmayacağı təqdirdə müharibənin yenidən başlamasını qaçılmaz hesab edir. İran 8 apreldən başlayan sülh prosesində qarşı tərəfin şərtlərini rədd etməklə yanaşı, ABŞ və İsraildən sanksiyaların ləğvini, kompensasiya ödənilməsini və regiondakı hərbi bazaların çıxarılmasını tələb edir, bu da atəşkəs danışıqlarını dalana dirəyir”.


Politoloq qeyd edib ki, 8 apreldən başlayan sülh prosesində İran bu şərtləri qəbul etməməklə yanaşı, ABŞ və İsrailə qarşı daha ağır tələblər irəli sürür:


“Tehranın əsas tələbləri 28 fevraldan etibarən aparılan hərbi əməliyyatların İran iqtisadiyyatına vurduğu zərərin kompensasiya edilməsini, dondurulan aktivlərin ölkəyə təhvil verilməsini və İrana qarşı tətbiq olunan sanksiyaların ləğvini əks etdirir. İran rəhbərliyi həmçinin Yaxın Şərqdəki ABŞ hərbi bazalarının regiondan çıxarılmasını və ölkəyə bir daha hücum olunmayacağına dair təminatın verilməsini tələb edir. Pakistanın vasitəçiliyi ilə tərəflərin bir-birinə şərtlərini ötürməsi və uzlaşmanın əldə olunmaması atəşkəs prosesini tamamilə dalana dirəyir. İranın Hörmüz boğazını bağlı saxlaması və Pekindəki ABŞ-Çin danışıqlarının uğursuzluqla nəticələnməsi fonunda, Vaşinqtonun İsrail ilə koordinasiyalı şəkildə yeni müştərək hərbi planlar hazırlaması regionu yenidən aktiv hərbi əməliyyatların astanasına gətirir. Bu uğursuzluq fonunda İranın Hörmüz boğazını bağlı saxlaması, ABŞ-nin isə buna adekvat olaraq Hörmüz blokadasını tətbiq etməsi regionu yenidən hərbi əməliyyatların astanasına gətirir. Prosesi tamamilə çıxılmaza salan əsas hadisə isə 13-15 may tarixlərində Çin Xalq Respublikasında baş tutan ABŞ və Çin rəhbərlərinin görüşündə ciddi razılaşmanın əldə olunmaması ilə bağlanır. İrana qarşı həyata keçirilən hərbi əməliyyatların son məqsədi Çinin enerji blokadası siyasətinin tərkib hissəsi olduğu üçün Pekin danışıqlarının uğursuzluğu ABŞ-nin yenidən hərbi varianta əl atmasını şərtləndirir. Xüsusilə, bu gərginlik fonunda ABŞ İsrail ilə məsləhətləşmələr apararaq növbəti hərbi planları hazırlayır. Tərəflər arasındakı telefon danışığı müştərək əməliyyatlar zamanı hansı hədəflərə zərbə endiriləcəyini və fəaliyyətlərin necə koordinasiya olunacağını müəyyənləşdirir. Bu hərbi gedişlər Yaxın Şərqdəki gərginliyin yenidən aktiv fazaya keçməsinin anonsu kimi dəyərləndirilir”.


Aydan Əsgərxanlı

#Tramp #Netanyahu #telefon danışığı #müzakirə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər