Tramp növbəti dəfə NATO-nu ittiham edib - ŞƏRH
Tramp NATO-dan Hörmüz boğazının açılması üçün istənilən bir gəmini göndərmələrini xahiş etdiyini vurğulayıb.
“Amma onlar bunu istəmirlər, çünki NATO kağız pələngdir”, - ABŞ Prezidenti əlavə edib.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Tramp NATO üzvlərini proseslərdə fəal iştirak etməyə çağırsa da, Avropa ölkələri bu təşəbbüsə qoşulmayıb:
"NATO ilə Donald Tramp arasındakı soyuqluq onun ilk prezidentlik dövründən başlayıb. Tramp hesab edib ki, alyansın əsas yükünü ABŞ daşıyır və təhlükəsizliyin təmin olunmasına çəkilən xərclərin böyük hissəsi Vaşinqtonun üzərinə düşür. O, Avropa ölkələrinin passivliyini tənqid edərək, üzv dövlətlərin maliyyə öhdəliklərini artırmasını tələb edib. Trampın yanaşmasına görə, NATO kollektiv təhlükəsizlik qurumudursa, xərclər də üzv ölkələr arasında ədalətli bölüşdürülməlidir. ABŞ-nin gücünə arxalanaraq bütün yükün onun üzərinə qoyulması düzgün hesab olunmur. Lakin bu tələbi Avropa ölkələri birmənalı qarşılamayıb və cəmiyyətlərdə də geniş dəstək tapmayıb".
Politoloq vurğulayıb ki, sonrakı dövrdə Trampın NATO-ya münasibəti daha da sərtləşib:
" Onun Rusiya prezidenti Vladimir Putinlə birbaşa əlaqələr qurması, Ukrayna böhranı fonunda Avropa ölkələrinin mövqeyi ilə ziddiyyətli addımlar atması tərəflər arasında fikir ayrılıqlarını dərinləşdirib. Eyni zamanda, Körfəz regionunda İran ətrafında yaranan gərginlik də bu ziddiyyətləri açıq şəkildə göstərib. Tramp NATO üzvlərini proseslərdə fəal iştirak etməyə çağırsa da, Avropa ölkələri bu təşəbbüsə qoşulmayıb. Əksinə, bəzi hallarda İrana qarşı daha yumşaq mövqe sərgiləyiblər. Müşahidələr göstərir ki, Avropanın aparıcı dövlətləri, Böyük Britaniya, Almaniya və Fransa regiondakı riskləri və İranın potensialını nəzərə alaraq daha ehtiyatlı siyasət yürütməyə üstünlük verirlər".
Müsahib bildirib ki, onlar həm hərbi eskalasiyadan çəkinir, həm də İranla gələcək iqtisadi və strateji əməkdaşlıq imkanlarını qorumağa çalışırlar:
"Bundan əlavə, Avropada anti-İsrail meyillərinin güclənməsi və ABŞ-nin İsrailə açıq dəstəyi də tərəflər arasında fikir ayrılıqlarını artırır. Bir sıra Avropa ölkələrində bu siyasət tənqid olunur və daha balanslı yanaşma tələb edilir. Nəticə etibarilə, bütün bu amillər ABŞ-NATO münasibətlərində gərginliyi artırır və göstərir ki, dəyişən qlobal şəraitdə tərəflər arasında yeni balans axtarışı davam edir".
Səmayə Səftərova