00:00:00
Yazar
Zəhra Həsənova
31.08.2026 22:32 57 2 dəq oxuma
Siyasət

Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edilib - ŞƏRH

Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edilib - ŞƏRH

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Rusiya səfəri zamanı ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsini təklif edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, üçtərəfli görüşün baş tutması arzuolunandır və müharibənin sona çatması üçün ən gərəkli addımlardan biridir:

 

“ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Volodimir Zelenski və Vladimir Putin bir araya gələrsə, ABŞ-nin də töhfəsi ilə tərəflər ən azı atəşkəsə nail olmaq üçün ilkin razılaşmanı müzakirə edə bilərlər. Düzdür, atəşkəslə bağlı hər iki tərəfin öz şərtləri var. Ukrayna sadəcə olaraq qeyd-şərtsiz atəşkəsə getməyi təklif edir. Rusiya isə Ukraynadan tələb edir ki, işğal altında saxladığı torpaqların Rusiya ərazisi olduğunu tanısın. Əlavə olaraq, başqa ərazilərin də Rusiyaya verilməsini tələb edir və bundan sonra atəşkəsə getməyə hazır olduğunu bildirir.  Donald Tramp belə bir görüşü təşkil edərsə, istənilən halda tərəflər ən azı bir qədər nəfəs dərmək üçün uzunmüddətli atəşkəsə gedə bilərlər. Bu da danışıqlar üçün bir başlanğıc nöqtəsi ola bilər”.

 

Müsahibin sözlərinə görə, Putin davamlı şəkildə həm üçtərəfli, həm də Zelenski ilə birbaşa görüşlərin keçirilməsinə qarşı çıxır:

 

“Müharibənin ilk dövrlərində Zelenskini Ukrayna Prezidenti kimi tanımırdı. Bu gün Rusiya özü də kifayət qədər acınacaqlı vəziyyətdədir və belə bir görüşü Putinin özünün də qəbul etməyə hazır olduğu görünür. Ola bilər ki, tərəflər ictimaiyyət qarşısında sərt bəyanatlar versin, görüşü rədd etsin, amma Putin özü də hazırda bəhanə axtarır ki, həmin bəhanə ona müharibəni heç olmasa indiki mərhələdə dayandırmaq imkanı versin. O, müharibəni öz təşəbbüsü ilə dayandıra bilmir. Putinə müəyyən bəhanə lazımdır. Putin belə bir görüşə getmək barədə düşünə bilər. Zelenski isə müharibə başlayandan davamlı şəkildə bildirib ki, biz görüşdən qaçmırıq və görüşün keçirilməsinə qarşı deyilik”.

 

Selcan Xudiyeva

#şərh #xəbər #keçirilməsini #təklif
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər