Tramp Rusiyanın neft və qazına qarşı yeni rüsumlarla bağlı qərarı niyə gecikdirir?
ABŞ Prezidenti Donald Tramp Rusiyadan neft və qaz alan ölkələrə qarşı yüksək rüsumların tətbiqi ilə bağlı yekun qərar verməyib. Belə rüsumların tətbiqi Rusiyaya iqtisadi təzyiqi artırsa da, Çin və Hindistan kimi əsas enerji alıcılarına və qlobal enerji bazarına da ciddi təsir göstərə bilər. Enerji qiymətlərinin kəskin artması dünya iqtisadiyyatında və birjalarda əlavə təlatümlərə səbəb ola bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən politoloq Ramiyə Məmmədova bildirib ki, bu rüsumlar ilk növbədə Rusiyanın iqtisadiyyatına ciddi zərər vura bilər:
"Lakin əsas təsir Rusiyanın enerji resurslarından istifadə edən Çin və Hindistan kimi ölkələrdə hiss olunacaq. Bu ölkələr Rusiya neft və qazını daha ucuz qiymətə alırlar. Rusiya enerjisindən imtina etmək məcburiyyətində qalsalar, ABŞ və Yaxın Şərq bazarlarına yönəlməli və daha yüksək qiymətlərlə enerji almalı olacaqlar. Bu isə onların iqtisadiyyatına mənfi təsir göstərə bilər".
Politoloq hesab edir ki, Tramp məsələyə ehtiyatla yanaşır:
"Çünki əsas məqsədlərindən biri Rusiya-Ukrayna müharibəsini mümkün qədər tez başa çatdırmaqdır. Digər tərəfdən, Rusiyanın enerji ixracının tamamilə dayandırılması dünya bazarında qiymətlərin kəskin artmasına və iqtisadi təlatümlərə səbəb ola bilər. Buna görə də Tramp sanksiyaları dərhal tam şəkildə tətbiq etməkdənsə, vəziyyəti gözləmə mövqeyindən qiymətləndirir".
Şərhçinin fikrincə, Çin və Hindistanın Rusiya neft və qazından imtina etməsi dünya bazarında enerji qiymətlərinin, xüsusilə Brent neftinin qiymətinin yüksəlməsinə səbəb ola bilər:
"Bu ölkələr Rusiya neft və qazını ala bilmədikləri halda ABŞ və Yaxın Şərq bazarlarına yönəlməli olacaqlar. Bu isə enerji resurslarının daha yüksək qiymətə alınmasına gətirib çıxara bilər. Nəticədə dünya bazarında neft və qazın qiymətləri, xüsusilə Brent markalı neftin qiyməti, kəskin arta bilər. Çünki enerji bahalaşdıqca istehsal və nəqliyyat xərcləri də artacaq. Bu proses ölkələrin iqtisadiyyatında geriləməyə, dünya birjalarında təlatümlərə və ümumi iqtisadi qeyri-sabitliyə səbəb ola bilər".
Fatimə İbrahimova