Tramp Si Cinpinlə görüşdən sonra böyük irəliləyişlərin olduğunu bildirib
ABŞ və Çin arasında dialoqun güclənməsi iqtisadi qarşıdurmanın yumşaldılması və qlobal bazarlarda qeyri-müəyyənliyin azalması baxımından yeni imkanlar yarada bilər.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlmasında politoloq Züriyə Qarayeva bildirib ki, Tramp-Si Cinpin görüşü ilk növbədə ABŞ-Çin münasibətlərində qarşıdurmanın idarə olunan rəqabət çərçivəsində saxlanılması baxımından əhəmiyyətlidir:
“Tramp görüşdən sonra ciddi irəliləyişlər əldə edildiyini bildirsə də, açıq mənbələr hələlik böyük və hərtərəfli razılaşmadan daha çox dialoqun davam etdirilməsi və müəyyən sahələrdə gərginliyin azaldılması istiqamətində addımlara işarə edir. Ticarət razılaşmasının müddətinin uzadılması, kənd təsərrüfatı məhsulları, süni intellekt və ixrac məsələlərinin müzakirəsi tərəflərin iqtisadi qarşıdurmanın nəzarətdən çıxmasında maraqlı olmadığını göstərir. Bununla belə, texnologiya, Tayvan, strateji təchizat zəncirləri və iqtisadi təhlükəsizlik kimi fundamental məsələlərdə rəqabət qalır”.
Politoloq qeyd edib ki,Qlobal siyasət baxımından isə Vaşinqtonla Pekin arasında dialoqun güclənməsi beynəlxalq bazarlardan tutmuş təhlükəsizlik məsələlərinə qədər geniş təsir göstərə bilər.
Dünyanın iki böyük iqtisadi gücü arasında münasibətlərin nisbətən sabitləşməsi ticarət və investisiya mühitində qeyri-müəyyənliyi azalda bilər, eyni zamanda İran, Ukrayna və digər beynəlxalq böhranlarla bağlı diplomatik təmaslar üçün əlavə imkanlar yarada bilər; Ağ Ev görüşdən sonra məhz bu istiqamətlərdə də irəliləyiş olduğunu bildirib. Ancaq bunu ABŞ-Çin strateji rəqabətinin başa çatması kimi qiymətləndirmək tezdir. Daha çox, hər iki tərəfin rəqabəti davam etdirməklə yanaşı, onun açıq iqtisadi və ya siyasi qarşıdurmaya çevrilməsinin qarşısını almağa çalışdığı yeni mərhələdən danışmaq mümkündür.
Nurgün Qənizadə