00:00:00
Yazar
Səadət Əlizadə
20.07.2026 19:44 33 2 dəq oxuma
Siyasət

Tramp Şimal dənizində neft hasilatının artırılmasını dəstəkləyib

Tramp Şimal dənizində neft hasilatının artırılmasını dəstəkləyib

ABŞ Prezidenti Donald Tramp iyulun 20-də Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlamalı olan Endi Börnemin Şimal dənizində neft yataqlarında hasilatın genişləndirilməsi niyyətini dəstəkləyib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Trampın Şimal dənizində neft hasilatının artırılması təşəbbüsünü dəstəkləməsi onun enerji siyasətinin ümumi fəlsəfəsinə tam uyğun gəlir:


“Tramp uzun müddətdir ki, enerji təhlükəsizliyinin təmin edilməsində neft və təbii qaz istehsalının artırılmasını prioritet hesab edir. Onun yanaşmasına görə, daxili və müttəfiq ölkələrdə karbohidrogen hasilatının genişləndirilməsi həm enerji qiymətlərinin sabitləşməsinə, həm də geosiyasi rəqiblərdən enerji asılılığının azalmasına xidmət edə bilər. Bu baxımdan Şimal dənizi təkcə iqtisadi resurs olaraq yox, həm də strateji təhlükəsizlik elementi kimi qiymətləndirilir.
Məlumdur ki, Şimal dənizi uzun illər Avropanın əsas neft və qaz hövzələrindən biri olsa da, son onilliklərdə burada hasilatın azalması müşahidə olunur. Bunun əsas səbəbləri yataqların tədricən tükənməsi, hasilat xərclərinin artması və Avropa ölkələrinin yaşıl enerji siyasətinə üstünlük verməsi idi. Lakin son illərdə qlobal enerji bazarında yaşanan böhranlar, Rusiya-Ukrayna müharibəsinin enerji təhlükəsizliyinə təsiri, indi də Yaxın Şərqdə Hörmüz böhranı və Avropanın alternativ mənbələr axtarması Şimal dənizinin strateji əhəmiyyətini yenidən artırıb. Məhz bu fonda hasilatın genişləndirilməsi ideyası iqtisadi və siyasi baxımdan daha aktual görünür.
Əgər Böyük Britaniya və digər region ölkələri yeni investisiyalar hesabına hasilatı artıra bilsələr, bu, ilk növbədə Avropanın enerji təhlükəsizliyinə müsbət təsir göstərə bilər. Yerli istehsalın artması idxaldan asılılığın müəyyən qədər azalmasına, enerji təchizatının daha sabit olmasına və bazarda əlavə təklifin yaranmasına şərait yaradar. Nəticədə, xüsusilə, geosiyasi gərginlik dövrlərində qiymət artımlarının qarşısının qismən alınması mümkün ola bilər.
Bununla yanaşı, qlobal enerji bazarında təsirin miqyasını da şişirtmək düzgün olmazdı. Şimal dənizində hasilatın artırılması dünya neft bazarında təklifə müəyyən töhfə verə bilər, lakin bu, təkbaşına qlobal qiymətləri kəskin dəyişdirəcək həcmdə deyil. Neft bazarında qiymətlərə OPEC+ ölkələrinin qərarları, ABŞ-də şist nefti istehsalı, Çin və Hindistan kimi böyük istehlakçıların tələbi, həmçinin Yaxın Şərqdəki geosiyasi risklər daha güclü təsir göstərən amillərdir. Buna görə də Şimal dənizindən gələcək əlavə həcmlər daha çox qiymətlərin sabitləşməsinə dəstək verən faktor kimi çıxış edə bilər.
Digər tərəfdən, hasilatın genişləndirilməsi ekoloji baxımdan da müzakirələr doğuracaq. Avropa İttifaqı və Böyük Britaniya uzunmüddətli perspektivdə karbon emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində öhdəliklər götürüblər. Bu səbəbdən yeni neft layihələrinin genişləndirilməsi iqlim siyasətinin tərəfdarları tərəfindən tənqidlə qarşılanır. Burada əsas dilemma enerji təhlükəsizliyi ilə yaşıl keçid arasında tarazlığın necə qorunacağı məsələsidir”.

 

Səadət Əlizadə

#neft #dənizində #xəbər #gündəm #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər