00:00:00
Yazar
Zəhra Həsənova
13.10.2026 22:27 54 2 dəq oxuma
Siyasət

Tramp üçüncü müddətə prezidentliyə namizəd olmaq istəyir - ŞƏRH

Tramp üçüncü müddətə prezidentliyə namizəd olmaq istəyir - ŞƏRH

Trampın üçüncü müddətə prezident seçilmək istəyi ABŞ-də siyasi gərginliyi artırsa da, mövcud qanunvericiliyə görə bu, mümkün görünmür.


Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, ABŞ Konstitusiyasına əsasən, Donald Trampın üçüncü müddətə prezident seçilməsi hüquqi cəhətdən mümkün deyil. 


“ABŞ-nin Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəliş, hər bir şəxsin maksimum iki dəfə prezident seçilməsini qəti şəkildə məhdudlaşdırır. Tramp 2016 və 2024-cü illərdə iki dəfə bu vəzifəyə seçildiyi üçün, 2029-cu ilin yanvarında ikinci müddəti başa çatdıqdan sonra yenidən namizəd ola bilməz. Buna baxmayaraq, prezident Donald Tramp Ohayo ştatında tərəfdarları qarşısında çıxışı zamanı imkan olarsa, üçüncü müddətə də namizəd olmaq istədiyini ifadə edib. Onun bu cür bəyanatları və üçüncü müddət istəyi ABŞ siyasətinə bir neçə istiqamətdə təsir göstərir. 
Trampın yenidən seçilməsi üçün Konstitusiyaya düzəliş edilməlidir. Bunun üçün həm Senat, həm də Nümayəndələr Palatasının üçdə iki səs çoxluğu, həmçinin ABŞ-nin dörddə üçünün təsdiqi tələb olunur”.

 

Politoloq qeyd edib ki, konqresdə Respublikaçıların bu qədər böyük üstünlüyə malik olmaması və ştatların əhəmiyyətli hissəsinin Demokratların nəzarətində olması səbəbindən bu dəyişikliyin baş verməsi real görünmür. 


Lakin bu müzakirələr ölkədə ciddi konstitusiya böhranı riski yaradır və hüquqi müstəvidə gərginliyi artırır. ABŞ-də ikinci müddətini idarə edən prezidentlər adətən səlahiyyət müddətlərinin son iki ilində siyasi təsirlərini itirməyə başlayırlar, çünki hamı onların gedəcəyini bilir. Ekspertlərin fikrincə, Trampın üçüncü müddət barədə tez-tez eyhamlar vurması və "Tramp 2028" loqolarından istifadə etməsi onun siyasi arenada və öz partiyasında təsir gücünü maksimum dərəcədə qorumaq və bu zəifləmənin qarşısını almaq məqsədi daşıyır.
Trampın bu istəyi partiyalararası qütbləşməni də alovlandırır. Belə ki, Trampın partiya üzərindəki mütləq dominantlığı davam edir. Bununla belə, bu iddialar 2028-ci ildə partiyanın potensial namizədləri hesab olunan vitse-prezident Vance və dövlət katibi Marko Rubio kimi siyasətçilərin gələcək planlarına təsir edir və varislik müzakirələrini çətinləşdirir. 


Tural İrfanın sözlərinə görə, Demokratlar da bu cür bəyanatları Amerika demokratiyasına və institutlarına birbaşa təhdid kimi qiymətləndirirlər. 
 

Müxalifət bu ritorikadan seçicilərini səfərbər etmək, xüsusilə də yaxınlaşan Konqresə aralıq seçkilərində üstünlük qazanmaq üçün güclü siyasi arqument kimi istifadə edir.Tramp özü də qanunların çox sərt olduğunu və ölkə qanunvericiliyi dəyişdirilmədən bunun mümkün olmayacağını etiraf edib. Buna görə də bu bəyanatlar real hüquqi addımdan daha çox, gündəmi idarə etmək və media diqqətini saxlamaq üçün istifadə olunan siyasi gediş kimi qəbul olunur.


Nurgün Qənizadə

#üçüncü #şərh #xəbər #olmaq #istəyir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər