Tramp: “Vaşinqton–Tehran münaqişəsinin həlli “iki-üç həftə” çəkə bilər”
Donald Trump bildirib ki, Vaşinqton ilə Tehran arasında mövcud münaqişənin həlli iki-üç həftə çəkə bilər. O, bu fikirləri The Hugh Hewitt Show proqramına verdiyi müsahibədə səsləndirib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın bu açıqlaması daha çox siyasi və psixoloji mesaj xarakteri daşıyır:
“ABŞ–İran münasibətlərində əsas problem yalnız nüvə proqramı deyil. Burada regional təsir uğrunda rəqabət, raket proqramı, Hörmüz Boğazının təhlükəsizliyi, İsrail faktoru və İranın regiondakı müttəfiq şəbəkəsi kimi çoxqatlı məsələlər mövcuddur. Bu səbəbdən belə mürəkkəb qarşıdurmanın qısa müddətdə tam həll olunması real görünmür. Daha çox ehtimal olunan variant müəyyən texniki razılaşmaların əldə olunması, gərginliyin müvəqqəti azaldılması və ya yeni danışıqlar mərhələsinə keçiddir. Trampın optimist ritorikası isə həm ABŞ daxilində güclü lider imici formalaşdırmağa, həm də bazarlara və beynəlxalq aktorlara ‘proses nəzarətdədir’ mesajı verməyə hesablanıb”.
Ekspert əlavə edib ki, Vaşinqtonun razılaşmanın vaxtı ilə bağlı qəti mövqe ortaya qoymaması ABŞ administrasiyası daxilində tam konsensusun olmadığını göstərir:
“Ağ Ev bir tərəfdən diplomatik kanalları açıq saxlamaq istəyir, digər tərəfdən isə İrana maksimum təzyiq strategiyasını itirmək istəmir. ABŞ anlayır ki, tələsik və zəif görünən razılaşma həm daxildə Respublikaçılar və təhlükəsizlik dairələri tərəfindən tənqid oluna bilər, həm də regiondakı müttəfiqlərdə narahatlıq yaradar. Buna görə Vaşinqton prosesi uzadaraq həm İranın reaksiyalarını ölçməyə, həm də daha sərfəli şərtlər formalaşdırmağa çalışır. Yəni optimist açıqlamalara baxmayaraq, tərəflər arasında ciddi etimad problemi hələ də qalır”.
Nuray Əliyeva