Tramp: Venesuela nefti ABŞ-nin strateji ehtiyatlarını doldurmağa kömək edəcək
ABŞ Prezidenti Donald Tramp Venesueladan əldə ediləcək neftin ABŞ-nin Strateji Neft Ehtiyatının doldurulmasına yönəldiləcəyini bildirib. Tramp bu prosesin tezliklə başlayacağını açıqlayıb. ABŞ və Venesuela arasında elan edilən yeni neft razılaşmasının 65 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatına çıxışı əhatə etdiyi bildirilir.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, razılaşma ABŞ–Venesuela münasibətlərində tamamilə yeni mərhələ yarada bilər:
“Trampın Venesueladan əldə ediləcək neftin Amerikanın Strateji Neft Ehtiyatının doldurulmasına yönəldiləcəyini açıqlaması geniş strateji hesablamanın tərkib hissəsidir deyə bilərik. Belə ki, ABŞ-nin ehtiyatları son illərdə qlobal enerji böhranları, Rusiya-Ukrayna müharibəsi və İranla qarşıdurma fonunda əhəmiyyətli dərəcədə azalıb. Avqustun 21-nə olan məllumatlara görə ehtiyatlarda təxminən 290 milyon barrel neft qalmışdı ki, bu da 44 ilin ən aşağı göstəricisidir. Bu baxımdan Venesuela neftinin istifadəsi Vaşinqtona ilk növbədə enerji təhlükəsizliyi üzrə manevr imkanlarını bərpa etmək imkanı verir. Bilirik ki, ABŞ-də strateji ehtiyatın əsas funksiyası adi kommersiya tədarükünü əvəz etmək deyil, ciddi böhran zamanı bazara əlavə neft çıxararaq təchizat şokunun təsirini yumşaltmaqdan ibarətdir. İranla qarşıdurmanın Hörmüz boğazında yaratdığı risklər fonunda bu məsələ xüsusilə aktuallaşır. Belə şəraitdə ABŞ nə qədər böyük ehtiyat yığa bilsə, xarici təchizat marşrutlarında yaranacaq gözlənilməz problemlərə qarşı bir o qədər dözümlü olar. Digər mühüm məqam isə Venesuelanın nəhəng neft potensialının ABŞ-ın enerji strategiyasına inteqrasiyasıdır. Yeni razılaşmanın 17 neft yatağının işlənməsini və 65 milyard barreldən çox təsdiqlənmiş ehtiyata çıxışı nəzərdə tutduğu bildirilir. ABŞ tərəfinin bu layihədə üstün əməliyyat payına malik olması planlaşdırılır. Venesuela hökuməti isə layihəyə 100 milyard dollardan artıq investisiya cəlb ediləcəyini və dövlətin 209 milyard dollardan çox vergi gəliri əldə edə biləcəyini açıqlayıb. Lakin burada mühüm bir məhdudiyyət də var ki, onu da mütləq şəkildə qeyd etmək lazımdır. Məsələ burasındadır ki, Venesuelanın böyük ehtiyatlarının mövcudluğu onların dərhal bazara çıxarılması demək deyil. Ölkənin neft infrastrukturu uzun müddət ərzində ciddi şəkildə zəifləyib və hasilatın artırılması üçün böyük sərmayə, texniki yenilənmə və zaman tələb olunur. Buna görə Trampın elan etdiyi razılaşmanın ABŞ yanacaq qiymətlərinə və ehtiyatlara qısa müddətdə böyük təsir göstərməsi real deyil. Siyasi baxımdan isə bu razılaşma ABŞ-Venesuela münasibətlərində tamamilə yeni mərhələ yarada bilər. Vaşinqton uzun illər Venesuelaya təzyiq göstərən tərəf olduğu halda, indi enerji sektorunun bərpasında əsas xarici aktora çevrilir. Bunun müqabilində Venesuela iqtisadiyyatına kapital gəlməsi və neft sənayesinin yenidən qurulması ölkənin ABŞ-dan asılılığını müəyyən qədər artıra bilər. Eyni zamanda, Çin və Rusiyanın Venesuela enerji sektorundakı əvvəlki mövqelərinin zəifləməsi də Vaşinqton üçün ayrıca geosiyasi üstünlükdür.
Düşünürəm ki, razılaşmanın ən mühüm tərəfi təkcə Amerikanın neft ehtiyatını doldurması deyil. ABŞ öz enerji təhlükəsizliyi ilə Cənubi Amerikadakı geosiyasi təsirini bir mexanizmdə birləşdirməyə çalışır. Venesuela üçün isə bu, iqtisadi dirçəliş imkanı versə də, xarici siyasətdə manevr sahəsinin daralması riskini də daşıyır. Ümumiyyətlə isə razılaşma uğurla icra olunarsa, Vaşinqton həm uzunmüddətli neft tədarükünü şaxələndirəcək, həm də Qərb yarımkürəsində enerji üzərindən təsir imkanlarını gücləndirəcək. Lakin bunun real nəticəsi yenə də təkrar edirəm yataqların nə qədər sürətlə istismara veriləcəyindən və ABŞ-Venesuela siyasi münasibətlərinin nə dərəcədə sabit qalacağından asılı olacaq”.
Samirə Allahverdizadə