Tramp Yəmən lideri ilə husiləri müzakirə edib
ABŞ Prezidenti Donald Tramp Yəmən Prezident Şurasının sədri Rəşad əl-Əlimi ilə telefon danışığında “Ənsarallah” Hərəkatı (husilər) ilə bağlı son durumu müzakirə edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ Prezidenti Donald Trampın Yəmən hökuməti ilə apardığı müzakirələr Yaxın Şərqdə baş verən geosiyasi və hərbi proseslərin inkişaf istiqamətləri baxımından böyük əhəmiyyət daşıyır:
“Hazırda regionda baş verən proseslər ABŞ üçün də ciddi geosiyasi böhran və təhlükə yaradır. Husilərin əsas təhlükə törətdiyi ölkələr sırasında ön planda olan Səudiyyə Ərəbistanı ABŞ-nin Yaxın Şərq üzrə strateji tərəfdaşıdır. Üstəlik, ABŞ Səudiyyə Ərəbistanı ilə 30 illik mülki nüvə proqramı üzrə saziş imzalayıb”.
Əlavə olaraq bildilib ki, bu sazişin həyata keçirilməsi üçün, ilk növbədə, regionda sabitliyin və xüsusilə, Səudiyyə Ərəbistanının təhlükəsizliyinin təmin olunması vacibdir:
“Lakin hazırda husilər bu təhlükəsizlik imkanlarını ciddi şəkildə təhdid edir və Səudiyyə Ərəbistanı husilərin hücumları ilə üzləşir. Bütün bunlar ABŞ-ni ciddi şəkildə narahat edir. Son məlumatlara görə, Səudiyyə Ərəbistanı rəhbərliyinin Ağ Evə müraciətləri nəticəsində ABŞ husilərə qarşı hərbi əməliyyatlar keçirmək qərarı verib. Lakin son anda Prezident Donald Tramp bu qərarın həyata keçirilməsindən imtina edib.
Bunun əsas səbəbi kimi Trampın husilərə qarşı hərbi əməliyyatların başlanacağı təqdirdə Yaxın Şərqdə ABŞ-yə qarşı ikinci cəbhənin açılmasından ehtiyat etməsi göstərilir. Bu səbəbdən hərbi əməliyyatlardan, ən azı, müvəqqəti olaraq imtina edilib.
Ağ Ev problemin siyasi-diplomatik yollarla həllinə də cəhd göstərir. Yəmən hökuməti ilə vəziyyətin qiymətləndirilməsi aparılır və böyük ehtimalla ABŞ Yəmən hökumətinin husilərə qarşı daha sərt mövqe tutmasında maraqlıdır. Lakin bunun hazırkı mərhələdə hansı səviyyədə mümkün olacağı bir qədər müəmmalıdır”.
Nəticə olaraq bildirilib ki, istənilən halda, husi problemi Yaxın Şərq üçün olduqca ciddi geosiyasi təhlükə yaradır və böyük ehtimalla ABŞ gec-tez bu problemin həlli istiqamətində müəyyən addımlar atmaq məcburiyyətində qala bilər:
"Xüsusilə, nəzərə almaq lazımdır ki, bəzi dövlətlər, o cümlədən Böyük Britaniya, husilərin fəaliyyəti fonunda dünya bazarlarında enerji resurslarının bahalaşmasından ciddi şəkildə narahatdır. Böyük Britaniya yaxın vaxtlarda Səudiyyə Ərəbistanına hərbi dəstək vermək niyyətini bəyan edib.
Belə görünür ki, yaxın aylarda husi problemi ABŞ və Qərbin əsas gündəm mövzularından birinə çevrilə bilər. Bu isə regionda yeni hərbi əməliyyatların başlanması ehtimalını artıra bilər”.
Səadət Əlizadə