Tramp Zelenskinin müharibəni bitirmək istəmədiyini iddia edib, Ukraynada seçkilərə çağırıb
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin sülh yolu ilə başa çatdırılmasında maraqlı olmadığını iddia edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib ki, bu müharibənin yaxın müddətdə başa çatacağını düşünmürəm:
"Çünki müharibənin arealı getdikcə genişlənir. Rusiya-Ukrayna müharibəsi artıq paytaxtlara da keçib və strateji obyektlər hədəfə alınır. Bu da o deməkdir ki, müharibənin coğrafiyası genişlənir və onun yaxın zamanda başa çatması, yaxud tərəflərin müharibə gedən ərazilərdən geri çəkilməsi hələ uzun müddət mümkün olmayacaq".
Politoloq Trampın Zelenskinin qarşısında seçkilərin keçirilməsi məsələsini qaldırdığını təsdiqləyir:
"Ancaq biz çox yaxşı bilirik ki, Zelenskinin seçkilərə getmək niyyəti yoxdur. Çünki müharibə şəraitində dövlətlərdə, ümumiyyətlə, seçkilər keçirilmir və prezidentin səlahiyyətləri növbəti dövrə qədər uzadılır. Zelenski ilə bağlı vəziyyət də eynidir. O, daha əvvəl seçkilərə getməli idi, lakin müharibə səbəbindən bu baş tutmadı. Hazırkı şəraitdə də seçkilərin yaxın zamanda keçirilməsi real görünmür".
Onun sözlərinə görə, Zelenski də çox yaxşı bilir ki, Rusiya atəşi dayandırmayacaq, yəni müharibəni dayandırmaq niyyətində deyil:
"Çünki hətta üç aylıq atəşkəs belə Ukraynaya öz gücünü yenidən bərpa etmək üçün kifayət qədər böyük imkan yarada bilər. Ona görə də bu gün nə Rusiya buna imkan verəcək, nə də Zelenski seçkilərə gedəcək. Ukrayna tərəfi müharibəni dayandırmağın vacibliyini başa düşür, lakin Avropanın mövqeyindən asılı olaraq müstəqil qərar verməkdə çətinlik çəkir".
Ramiyə Məmçədova bildirib ki, Trampın müharibənin başa çatdırılması istiqamətindəki addımlarına gəlincə, düşünürəm ki, o, seçkilər ərəfəsində müəyyən fəallıq nümayiş etdirir:
"Həm İranla bağlı məsələlərdə, o cümlədən Hörmüz boğazında yaranmış vəziyyətdə, həm də Rusiya-Ukrayna müharibəsində addımlar atmağa çalışır. Lakin mənə elə gəlir ki, bunlar nəticə verməyəcək. Çünki Tramp, əslində, daxili siyasətini düşünür və seçkilər ərəfəsində siyasi gedişlər edir".
Nəticə olaraq bildirib ki, nə Rusiya, nə də Ukrayna hazırda müharibəni dayandırmağa hazırdır:
"Əslində, burada daha çox Zelenskiyə qarşı addımlar atılır. Onu danışıqlar masasına oturmağa və müharibədə kapitulyasiya şərtlərini qəbul etməyə məcbur etmək istəyirlər. Məsələnin mahiyyəti bundan ibarətdir. Avropa isə hələlik buna imkan vermir. Avropanın bu mövqeyi səbəbindən müharibə bir müddət də davam edəcək".
Səadət Əlizadə