Trampdan gözlənilməz addım: Çin şirkətlərinə qarşı sanksiyalar ləğv olunur
Donald Tramp bəzi Çin müəssisələrinə tətbiq olunan sanksiyaların aradan qaldırılmasına razılıq verib.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, ABŞ prezidentinin Çinə səfərinin əlbəttə ki, bir nəticəsi olmalı idi. Üstəlik, bu səfərə ciddi hazırlıq görülüb:
" Düzdür, İran müharibəsi başladığına görə səfər təxirə salınmışdı. İki aya yaxın müddətdə aparılan müzakirələrdən sonra səfər nəhayət gerçəkləşdi. Yəni gözlənilən idi ki, Amerika Birləşmiş Ştatları Çinlə münasibətlərdə müəyyən yumşalmaya gedəcək. Təbii ki, bu da qarşılıqsız deyil. Çin faktiki olaraq İranın tərəfdaş dövlətidir və bu tərəfdaşlıq Amerika Birləşmiş Ştatlarının maraqlarına uyğun deyil. O baxımdan düşünürəm ki, Donald Tramp Çindən İranla bağlı müəyyən istəklərini ala bilib. Yəni söhbət Çinin İrana münasibətindən gedir və bunun müqabilində də ABŞ müəyyən yumşalmaya gedir. Burada qeyri-adi, təəccüblü və ya gözlənilməz heç nə yoxdur. Faktiki olaraq bunu münasibətlərdə yumşalma mərhələsi hesab etmək olar. Amma bir məqamı unutmayaq ki, Amerika Birləşmiş Ştatlarının əsas strateji hədəfi məhz Çindir. Görünür, hazırda sadəcə olaraq fasilə mərhələsi yaşanır".
Siyasi şərhçinin sözlərinə görə, ABŞ İran məsələsini tam həll etdikdən sonra, Rusiya da zəiflədiyi bir vaxtda, növbəti mərhələdə diqqətini Çinə yönəldəcək:
"Sanksiyaların yumşaldılması və ya aradan qaldırılması, tariflərin dəyişdirilməsi və digər addımlar təbii ki, qlobal bazara müsbət təsir göstərəcək. Çünki Çin malları dünyanın hər yerində tələb olunur. İstənilən sənaye sahəsində Çin məhsullarının xüsusi çəkisi böyükdür. O cümlədən Amerika Birləşmiş Ştatlarında da Çinlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi baxımından bu addımları müsbət qiymətləndirmək olar. Bu dəyişikliklərin həm qlobal bazara, həm Amerika iqtisadiyyatına, həm də Çinin öz iqtisadi və ticari fəaliyyətinə müsbət təsiri olacaq. Avropa ölkələrinin də bu prosesə müsbət yanaşacağını düşünürəm. Çünki Avropa, əslində, ABŞ-dan fərqli olaraq Çinlə münasibətlərdə radikal siyasətin tərəfdarı deyil. Onlar Çinlə daha yaxın iqtisadi münasibətlərə üstünlük verirlər. Hətta bir çox Avropa ölkələrinin böyük şirkətləri istehsal sahələrini Çinə köçürüblər. Bunun əsas səbəbi ucuz işçi qüvvəsi, münasib xammal qiymətləri və geniş bazar imkanlarıdır. Çində daha ucuz və daha keyfiyyətli məhsul istehsal etmək üçün böyük imkanlar mövcuddur. Digər tərəfdən, Çində aşağı keyfiyyətli və daha ucuz məhsullar istehsal etmək də mümkündür. Çünki Avropada müəyyən keyfiyyət standartlarından aşağı məhsul istehsalına icazə verilmir. Çində isə bu məsələlər daha fərqli şəkildə tənzimlənir və hətta ən aşağı keyfiyyətli malları belə istehsal edib bazara çıxarmaq mümkündür. Bu baxımdan düşünürəm ki, Avropa dövlətləri ümumilikdə ABŞ ilə Çin arasında baş verən bu yumşalmanı müsbət qarşılayacaqlar".
Selcan Xudiyeva