Trampdan Maduroya yeni ittiham siqnalı
ABŞ Prezidenti Donald Tramp devrilən Venesuela lideri Nikolas Maduroya qarşı əlavə ittihamların irəli sürüləcəyini açıqlayıb. Hazırda narkoterrorizm və narkotiklərlə bağlı ittihamlarla üzləşən Maduro barədə yeni detalların yaxın zamanda açıqlanacağı gözlənilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirir ki, ABŞ prezidenti Donald Trampın Nikolas Maduroya qarşı əlavə ittihamların irəli sürüləcəyini açıqlaması ABŞ-Venesuela münasibətlərində mövcud gərginliyi istər-istəməz artıracaq:
“Məsələ burasındadır ki, Maduro tərəfdarları və bir çox Latın Amerika ölkəsi bu hərəkəti ABŞ‑nin müdaxiləsi və suverənlik qəsdi kimi qiymətləndirir, bu da regional antikolonial hissi gücləndirir. Onlar ABŞ‑ni öz daxili işlərinə müdaxilə etməkdə günahlandırır, Maduroya qarşı ittihamların siyasi motivli olduğunu iddia edirlər. Eyni zamanda, bir sıra ölkələr bu addımın BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərini pozduğunu bəyan edirlər”.
Həmçinin Rəşad Bayramov bildirir ki, Maduro və həyat yoldaşının həbsi, indi də yeni ittihamların irəli sürüləcəyinə dair bəyanatlar Amerika qitəsindəki geosiyasi mənzərəni də ciddi şəkildə dəyişdirir:
“ABŞ Latın Amerikasında öz təsirini göstərmək üçün bu addımı strateji üstünlük elan etsə də, regionda siyasi sabitliyi risk altına qoyur. Çünki hər nə qədər bəzi ölkələr ABŞ-nin bu addımını narkotik və terrorizmə qarşı mübarizədə ciddi mesaj kimi qəbul etsə də geniş təbəqələr və daha çox ölkə bunu regional inteqrasiya və diplomatik dialoqun pozulması olaraq görür. Bu, ABŞ‑nin digər Latın Amerika dövlətləri ilə münasibətlərini uzun müddət gərginləşdirə bilər, çünki bir çox hökumət gələcəkdə oxşar addımların öz ölkələrinə də təsir göstərə biləcəyindən narahatdır.
Regiondakı siyasi sabitlik baxımından da bu addım çoxqatlıdır. Maduronun saxlanılması, ona qarşı davam edən məhkəmə prosesi və ABŞ‑nin əlavə ittihamlar irəli sürməsi, Venesuela daxilində güc balansını dəyişib. Müxalifət daxilində də yeni liderlik və siyasi yenidənqurma çağırışları yaranıb. ABŞ üçün bu addım həm bir təzyiq aləti, həm də strateji bir mesajdır. Lakin bu mesaj həm də regionda başqa dövlətlərin öz daxili siyasətlərinə müdaxilə kimi qiymətləndirilə bilər və bəzi hallarda siyasi dalğalanmalara səbəb ola bilər.Bu hadisənin uzunmüddətli nəticələri hələ tam aydın deyil. Hazırkı məhkəmə prosesi davam etdiyi üçün Maduro hələ də günahsız olduğunu deyərək özünü Venesuelanın qanuni lideri hesab edir və ittihamlara qarşı mübarizə aparır. ABŞ əlavə ittihamların irəli sürülməsi bu prosesin daha sərt və mürəkkəb olacağına işarədir və bu da ümumi diplomatik mühitə təsir edəcək. Bu gərginlik, regionda sabitlik üçün çağırışları dərinləşdirərək, həm Latın Amerika dövlətləri arasında diplomatik dialoqu, həm də ABŞ‑nin qlobal nüfuzunu yenidən formalaşdırma ehtiyacını gündəmə gətirəcək.
Ümumi olaraq qiymətləndirsək deyə bilərik ki, bu cür addımlar həm ABŞ‑Venesuela münasibətlərini kökündən dəyişdirir, həm də regional diplomatiyanı yenidən formalaşdırır. Görünən odur ki, bu proses yalnız hüquqi mühakimələrlə məhdudlaşmayacaq, o, həm də geosiyasi əhəmiyyətə malik siyasi dəyişikliklərə yol aça bilər”.
Ədilə Hüseynzadə