"Trampın açıqlaması klassik danışıqlar taktikasıdır”-Natiq Cəfərli
ABŞ Hörmüz boğazına nəzarəti öz üzərinə götürür.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində danışıb.
“Biz Hörmüz boğazına nəzarəti öz üzərimizə götürürük. Onların (İranın) artıq heç nəyi yoxdur”, - o bildirib.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının bu bəyanatı İrana qarşıdır:
“Bu klassik Tramp bəyanatıdır. 20% deyib, sonra 5%-də dayanmaq klassik yanaşmalardan biridir. Boğazın nəzarətini İrana vermək istəmirlər və bu normaldır, doğrudur. Çünki boğaz İranın deyil. Hətta Oman sularından keçən gəmilərə İran hücum edirsə, bu artıq piratçılıqdır və beynəlxalq qanunların kobud pozuntusudur. Bunun əleyhinə olaraq İran İrana gedən bütün yolları da qapadır. İran yenidən blokadadır, dəniz blokadasına alınır və Hörmüz boğazına nəzarəti Amerika Birləşmiş Ştatları öz əlinə keçirtməyə çalışır. Bu gəmilərin normal keçidinə zəmanəti Amerika verəcək və İrandan təhdid olanda silahlı müdaxilələr olacaq. Amma yenə təkrar bu 20% kimi Trampın biznes dünyasında belə bir anlaşmaları həmişə olub. Ən yüksək qiyməti deyib sonra anlaşma zamanı daha aşağı qiymətlə razı salmaq və bu da qarşı tərəfi hətta məmnun edir. Yəni belə bir yanaşma mümkündür. Çox güman ki, belə də olacaq. Amma İrana Hörmüzü nəzarətdə saxlamağa heç kim imkan və icazə verməyəcək”.
Nuray Əliyeva