Trampın Çinə səfəri - ŞƏRH
ABŞ Prezidenti Donald Trampın mayın 13–15-də Çinə planlaşdırılan dövlət səfəri beynəlxalq gündəmdə diqqət mərkəzinə çevrilib. Səfər çərçivəsində ABŞ-Çin münasibətləri, iqtisadi əməkdaşlıq, ticarət məsələləri və İranla bağlı regional vəziyyətin müzakirə olunacağı gözlənilir.
Mövzu ilə bağlı politoloq Xəqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Çin ABŞ-lə anlaşmağa çalışır:
"Dünyanın iki ən böyük iqtisadi və texnoloji gücü ilk olaraq özlərinin münasibətlərini, iqtisadi və texnoloji əməkdaşlıq imkanlarını müəyyən etməyə çalışırlar. Səfərdən öncə və qarşılanma mərasimi göstərir ki, Çin ABŞ-lə anlaşmağa çalışır. Trampı müşaiyyət edən komandanın geniş tərkibi də göstərir ki, Vaşinqton Pekinlə razılığa gəlməkdə çox maraqlıdır. Hər iki dövlət anlayır ki, siam ekizləri kimi bir-birlərinə ehtiyacları var. Birinin iqtisadi böyüməsi digərini də gücləndirir, biri zəifləsə digəri də zəifləyəcək. Çinin İranı qurban vermə ehtimalı Trampın Tayvan və ticarət məslələrində kiçik güzəştlərinə bağlıdır".
Samirə Allahverdizadə