“Trampın iqtisadi böhran xəbərdarlığı seçicilərə yönəlmən siyasi ritorikadır”-AÇIQLAMA
ABŞ-də noyabrda keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində siyasi ritorika kəskinləşib. Prezident Donald Tramp Demokratlar Partiyasının mümkün qələbəsinin ölkəni kütləvi maliyyə çöküşünə gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıq edib. Trampın fikrincə, müxalifətin hakimiyyətə gəlişi ABŞ iqtisadiyyatını 1929-cu ilin Böyük Depressiyası miqyasında böhrana sala bilər. Bəs Ağ Ev rəhbərinin iqtisadi böhran xəbərdarlığı nə dərəcədə realdı?
Mövzu ilə bağlı siyasi şərhçi Oktaq Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Donald Trampın son dönəmlərdə verdiyi açıqlamaları daha çox Amerikada 3 noyabrda keçiriləcək aralıq seçkilərlə əlaqələndirmək olar və onun səsləndirdiyi fikirlər məhz bu kontekstdə dəyərləndirilməlidir:
"Çünki keçirilən rəy sorğuları göstərir ki, Donald Trampın 2 il əvvəlki nüfuzu ilə indiki nüfuzu arasında ciddi fərq yaranıb. Onun xüsusilə İran savaşı və enerji daşıyıcılarının qiymətinin artması ona olan etimadı azaldıb və bu da bir ay sonra keçiriləcək seçkilərdə Respublikaçılar Partiyası üçün müəyyən problemlər yarada bilər. Demokratların bu seçkilərdə daha çox səs alması ehtimal edilir, rəy sorğuları da bunu göstərir".
Politoloq bildirib ki, Trampın bu açıqlamaları, yəni iqtisadi durumun pisləşməsi, maliyyə vəziyyətinin çətinləşməsi kimi arqumentləri keçmiş dövrə istinadən söylənən fikirlərdir və bir az da seçiciləri manipulyasiya etmək cəhdidir:
"Şübhəsizdir ki, demokratların dönəmində, xüsusən də Bayden dönəmində, Amerika iqtisadiyyatında müəyyən problemlər yaşandı və Donald Trampın birinci prezidentliyi dönəmində Amerika iqtisadiyyatında müəyyən canlanma vardı. Sonradan bu canlanmada müəyyən durğunluq yarandı deyə Tramp bundan həm də istifadə etməyə çalışır.Bu baxımdan, hazırda bu tipli açıqlamalara daha çox seçicilərə, daxili auditoriyaya və seçki kampaniyasının tərkib hissəsi olan tezislər kimi dəyərləndirilərək baxılmalıdır".
Siyasi şəhçi qeyd edib ki, Tramp üçün hazırda kifayət qədər çətin bir dönəmdir:
"Çünki İranla başlanan savaş hələ lazım olan nəticələri verməyib. Əksinə, Hörmüz boğazında yaranan gərgin vəziyyət dünya enerji bazarına, o cümlədən ABŞ-də enerji daşıyıcılarının, konkret olaraq yanacağın qiymətinə ciddi təsir edib və bu, Amerikanın seçiciləri üçün olduqca həssas mövzudur.Bu baxımdan, Tramp qarşıdakı bir ayda mümkün qədər vəziyyəti yumşaltmaq və öz partiyasının daha çox səs almasını, Konqres və Senatda üstünlüyünü qorumaq üçün, şübhəsiz ki, mübarizə aparır. Demokratlara qarşı onun tənqidi fikirləri də bəllidir".
Mehriban Yariyeva