00:00:00
Yazar
Səadət Əlizadə
14.10.2026 21:40 113 3 dəq oxuma
Siyasət

Trampın İran Bəyanatı və Hörmüz Boğazı Gərginliyi

Trampın İran Bəyanatı və Hörmüz Boğazı Gərginliyi

ABŞ Prezidenti Donald Trampın İranla bağlı tezliklə yeni qərarların veriləcəyi və ABŞ-nin Hörmüz boğazına nəzarət etdiyi barədə bəyanatları regionda hərbi-siyasi gərginliyi daha da artırıb. Ziddiyyətli bəyanatlar və strateji logistika marşrutları ətrafındakı qeyri-müəyyənlik dünya bazarında neftin qiymətinin yüksək hədlərdə qalmasına və qlobal enerji təhlükəsizliyinin risk altına düşməsinə gətirib çıxarır.  
 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, indiyə qədər Donald Trampın İranla bağlı qəbul etdiyi qərarlar problemin həllinə müsbət təsir göstərməyib:

 

"Əksinə, bu addımlar ABŞ-İran münasibətlərində gərginliyin artmasına səbəb olub. Hərbi əməliyyatlar nəticəsində böyük dağıntılar və insan itkiləri baş verib, müharibədən zərər çəkənlərin sayı artıb, regionun digər ölkələri də müxtəlif formalarda münaqişəyə cəlb olunub.
Trampın yaxın zamanda İranla bağlı yeni qərar qəbul edəcəyini bildirməsi də vəziyyətin müsbətə doğru dəyişəcəyinə dair əsas yaratmır. Çünki qərarın mahiyyəti barədə konkret məlumat verilməyib. Trampın bir-birini təkrarlayan, bəzən isə ziddiyyətli açıqlamaları real nəticələrin əldə olunacağına dair qeyri-müəyyənliyi artırır. Buna görə də yeni qərarın münaqişənin həllinə necə təsir edəcəyini indidən dəqiq söyləmək mümkün deyil".

 

Ekspertin fikrincə, ABŞ-İran münasibətlərindəki gərginlik dünya bazarında neft qiymətlərinə təsir göstərməkdə davam edəcək:

 

"Hörmüz boğazında neft daşımalarının təhlükəsizliyi ilə bağlı qeyri-müəyyənlik enerji bazarında riskləri artırır. Neftin qiymətinin yüksəlməsi ehtimalını da bu amillər gücləndirir.
Hörmüz boğazında neft daşımaları müharibədən əvvəlki səviyyədə bərpa olunarsa, bu, bazardakı təzyiqin azalmasına kömək edə bilər. Lakin daşımaların əvvəlki həcmdə həyata keçirildiyi halda belə, qiymətlərin niyə yüksək qaldığı sual doğurur. Çünki qiymətlərə yalnız daşınan neftin həcmi deyil, münaqişənin davam etməsi ilə bağlı risklər və bazardakı qeyri-müəyyənlik də təsir göstərir. Bu səbəbdən mövcud şəraitdə neft qiymətlərinin aşağı düşəcəyini qəti şəkildə söyləmək mümkün deyil".

 

Onun sözlərinə görə, ABŞ-nin Hörmüz boğazında tam nəzarəti ələ keçirməsi dünya ticarət sistemində ciddi dəyişikliklərə səbəb ola bilər:

 

"Hörmüz boğazı dünya neft ticarətinin mühüm marşrutlarından biri olmaqla yanaşı, Körfəz ölkələrinə və digər istiqamətlərə müxtəlif malların daşınmasında da əhəmiyyətli rol oynayır.
Bununla belə, hazırda boğaz üzərində tam nəzarətin ABŞ-nin əlində olduğunu təsdiqləyən kifayət qədər əsas yoxdur. ABŞ və İran boğaza nəzarətlə bağlı fərqli mövqelər səsləndirirlər. Ekspertin yanaşmasına görə, əgər ABŞ həqiqətən boğazda tam nəzarəti təmin etsəydi, neft daşımalarının müharibədən əvvəlki səviyyədə bərpası gözlənilə bilərdi.
Lakin belə bir nəticənin müşahidə olunmaması ABŞ-nin nəzarəti ilə bağlı iddiaların ehtiyatla qiymətləndirilməsini zəruri edir.
Hörmüz boğazında vəziyyətin qeyri-müəyyən qalması təkcə enerji bazarına deyil, beynəlxalq ticarətə və region ölkələrinin iqtisadi maraqlarına da təsir göstərir. Buna görə də boğazda təhlükəsiz və fasiləsiz daşımaların bərpası regional və qlobal iqtisadi sabitlik baxımından mühüm əhəmiyyət daşıyır".

 

 

Fatimə İbrahimova

#yeni #xəbər #gərginliyi #trampın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər