"Trampın əsas hədəfi Kubada Amerikaya meyilli hakimiyyət formalaşdırmaqdır", - Aydın Quliyev
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton yaxın dövrdə Kuba ilə bağlı məsələlərə daha çox diqqət ayıracaq. O, “Full Measure” proqramına müsahibəsində Kubanın uzun illərdir tənəzzül vəziyyətində olduğunu qeyd edib.
Mövzu ilə bağlı “İnformator.az”a danışan siyasi şərhçi Aydın Quliyev bildirib ki, yaxın müddətdə Trampın Kuba məsələsində daha aktiv mövqe sərgiləməsi real görünür:
"Bu addım həm ABŞ daxilindəki siyasi vəziyyət, həm də Trampın əvvəlki siyasəti ilə əlaqəlidir. İran məsələsində yaranan narazılıqlar fonunda ABŞ ictimaiyyətinin diqqətini başqa istiqamətə yönəltmək üçün Kuba məsələsi gündəmə gətirilə bilər. Tramp hələ ilk prezidentliyi dövründə Kubaya qarşı sərt siyasət yürütməyi əsas hədəflərdən biri kimi müəyyən etmişdi. Lakin həmin dövrdə buna kifayət qədər vaxt ayıra bilməyib. Trampın Kuba ilə bağlı konkret və sistemli strategiyası yoxdur. O hesab edir ki, əsas məqsəd Kubada mövcud rejimi dəyişmək və Amerikaya yaxın hakimiyyət formalaşdırmaqdır".
Ekspert əlavə edib ki, Trampın Latın Amerikası siyasətində əsas hədəflərdən biri Rusiyaya yaxın rejimlərin zəiflədilməsidir:
"ABŞ daha əvvəl Venesuela və digər Latın Amerikası ölkələrinə münasibətdə də oxşar siyasət yürüdüb. Rusiyanın Kubaya əvvəlki qədər güclü dəstək verməməsi və ölkədəki sosial-iqtisadi problemlər Trampın mümkün addımlarını asanlaşdıra bilər".
Sonda ekspert vurğulayıb ki, ABŞ-nin Kuba ilə bağlı addımları Latın Amerikasında qüvvələr nisbətini müəyyən müddətə Vaşinqtonun xeyrinə dəyişə bilər.
Aişə Mustafayeva