Trampın yeni ticarət sazişləri ABŞ-nin qlobal iqtisadi strategiyasına xidmət edir
ABŞ Prezidenti Donald Tramp dünyanın iri dövlətləri ilə yeni ticarət sazişləri imzalamaq niyyətində olduğunu açıqlayıb. Bu addım Vaşinqtonun qlobal iqtisadi münasibətlərdə mövqeyini qorumaq və böyük iqtisadiyyatlarla əlaqələrini öz maraqları çərçivəsində tənzimləmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-də hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkənin strateji maraqları qorunur və prezidentlər bu məqsədlə müxtəlif taktiki addımlar atırlar:
“Onu etiraf eləməliyik ki, Amerika Birləşmiş Ştatları dünyada güc mərkəzidir. Amerikada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Amerika strategiyasını qorumaq üçün prezidentlər taktiki gedişlər həyata keçirməkdədir. Amerika öz imperatorluğunu, daha doğrusu, Tramp Amerika Birləşmiş Ştatlarının imperatorluğunu qorumaq üçün iqtisadi münasibətləri genişləndirməklə diktə etmək niyyətindədir”.
Siyasi ekspertin sözlərinə görə, Trampın ticarət danışıqlarına üstünlük verməsi iqtisadi və siyasi maraqların qarşılıqlı əlaqəsi ilə bağlıdır. ABŞ rəhbərliyi iqtisadi vasitələrdən istifadə etməklə siyasi məqsədlərinə çatmağa çalışır:
“İqtisadiyyatın siyasətə, siyasətin də iqtisadiyyata bağlılığı var. Yəni bu iki kateqoriyanı bir-birindən ayrı görmək qeyri-mümkündür. Amerika prezidenti Tramp lazım gələndə ayrı-ayrı dövlətlərə sanksiya tətbiq etməklə, hərbi güc tətbiq etməklə öz maraqlarını həyata keçirir. Lazım gəldikdə isə iqtisadi maraqlar üzərindən danışıqlar aparır və Amerikanın maraqlarını həyata keçirmək, gücünü daha da gücləndirmək üçün bu siyasəti yürüdür”.
Müsahib Trampın biznesmen yanaşmasının da iqtisadi danışıqlara təsir etdiyini vurğulayıb. Onun fikrincə, dünyanın aparıcı dövlətləri ilə ticarət əlaqələrinin genişləndirilməsi ABŞ-nin mövcud strategiyasını qorumağa hesablanıb:
“Trampın özü təbiətcə biznesmen olduğuna görə bütün hadisələri iqtisadi nöqteyi-nəzərdən, iqtisadi maraqlar üzərində qurur. Bu baxımdan dünyanın aparıcı dövlətləri ilə iqtisadi sahədə danışıqların aparılması da məhz Amerikanın strategiyasını qorumağa hesablanmış bir siyasətdir. Yəni iqtisadi maraqlar üzərindən siyasi maraqlarını həyata keçirmək”.
Azad Məsiyev ABŞ-nin Çinlə münasibətlərində hərbi və siyasi təzyiqdən daha çox iqtisadi danışıqlara üstünlük verməsinin səbəblərinə də toxunub. O bildirib ki, Çinin iqtisadi və texnoloji imkanları Vaşinqtonun bu ölkə ilə münasibətlərdə fərqli yanaşma sərgiləməsini şərtləndirir:
“Çin bildiyiniz kimi dünyanın iqtisadi güc mərkəzinə çevrilib, texnoloji baxımdan kifayət qədər Avropanı da geridə qoymaqdadır, hərbi güc baxımından nüvə doktrinasına malik olan bir dövlətdir. Çin dövləti ilə hansısa bir bəyanat vermək, şantaj və ya hərbi güclə danışmaq yersiz olardı. Çünki bu, Amerikanın məğlubiyyətinə səbəb olardı. Bu səbəbdən Çin kimi dövlətlə iqtisadi müstəvidə maraqları uzlaşdırmaq və bu kimi dövlətlərlə iqtisadi əməkdaşlığı genişləndirməklə Amerikanın maraqlarını həyata keçirmək niyyətindədir”.
Politoloq hesab edir ki, yeni ticarət sazişləri uğrunda danışıqlar ABŞ-nin digər böyük iqtisadiyyatlarla rəqabətdə mövqeyini qorumaq və dolların beynəlxalq sistemdəki rolunu saxlamaq cəhdləri ilə də əlaqəlidir. O, xüsusilə BRİKS ölkələrinin alternativ valyuta və ödəniş sistemi yaratmaq təşəbbüslərinin Vaşinqton üçün əhəmiyyətli çağırış olduğunu düşünür:
“Amerikanın gücü tankda, topda, raketdə deyil, Amerikanın gücü onun pul vahidi olan dollardadır. Dollar dünya valyutası kimi zəifləyərsə, Amerika imperatorluğu zəifləmiş olur. Dollar o zaman zəifləyir ki, ona alternativ dünya valyutası meydana gəlsin və iqtisadi münasibətlər dollarla deyil, alternativ valyuta ilə aparılsın. Buna görə də Birləşmiş Ştatlar çalışır ki, BRİKS təşkilatının alternativ valyuta buraxmasına maneçilik törətsin, BRİKS təşkilatına daxil olan aparıcı böyük dövlətlərlə iqtisadi maraqlarını uzlaşdırsın”.
Siyasi şərhçi dünya iqtisadiyyatında mövcud güc balansının dəyişdiyini və beynəlxalq sistemin çoxqütblü istiqamətdə inkişaf etdiyini bildirib. Onun fikrincə, bu proses ABŞ-nin qlobal liderliyini qorumaq siyasətinə təsir göstərir:
“Artıq dünya çoxqütblü bir sistemə keçir və dünyada sülhün, əmin-amanlığın, ədalətin bərqərar olması üçün mütləq şəkildə yeni sistemin formalaşması zəruridir. Amerikanın da narahatçılığı buradan irəli gəlir. Çünki Amerikanın strategiyasına görə dünya birqütblü olmalıdır, onun çətiri altında idarə olunması həyata keçirilməlidir”.
Müsahibin qənaətinə görə, ABŞ iqtisadi nüfuza malik böyük dövlətlərlə münasibətlərdə hərbi təzyiqdən daha çox iqtisadi əməkdaşlıq və maraqların uzlaşdırılması yolunu seçir. Trampın yeni ticarət sazişləri planı da məhz bu yanaşmanın davamı kimi dəyərləndirilir:
“Amma buna baxmayaraq, dünyada güc mərkəzləri var, aparıcı böyük dövlətlər var. İqtisadi nüfuza malik olan dövlətlərlə Tramp güc dilində danışa bilmir. Ona görə onlarla iqtisadi əməkdaşlıq çərçivəsində maraqlarını həyata keçirmək istəyir”.
Fatimə Hüseynova