Tramvaylar geri qayıdır
Bakıda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı'na əsasən, 2030-cu ilədək Bakıda ilk tramvay xətti istifadəyə veriləcək. Mehdiabad qəsəbəsindən “28 May” metrostansiyasınadək uzanacaq xətt paytaxtın ictimai nəqliyyat sisteminə və şəhər mühitinə böyük töhfələr verəcək.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında vətəndaş Alisa Xanməmmədova bildirib ki, tramvayın çəkilməsi vaxt itkisinin qarşısını ala bilər:
“Avtobuslarda yer tapmaq çətin olur, tıxaclar isə hərəkəti daha da ləngidir. Tramvayın çəkilməsi vaxt itkisinin qarşısını ala bilər. Çünki tramvay daha genişdir və sıxlıq daha az olur”.
Metrodan mütəmadi olaraq istifadə edən şəhər sakini Aynur Məmmədova deyib ki, metroya uzaq ərazilərdə yaşayanlar üçün tramvayın çəkilməsi daha əlverişlidir:
“Metro hər kəs üçün əlçatan deyil. Uzaqda yaşayanlar üçün tramvay daha rahat ola bilər”.
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev “İnformator.az”a açıqlamasında bildirib ki, Dövlət Proqramında layihələrin ümumi icra olunması şəhərimizə müsbət təsir edəcək:
“2025-2030-cu il Dövlət Proqramında icra olunan bütün layihələrin effektivliyi tam icra olunduqdan sonra daha aydın görüləcək. Burada Bakı şəhərində əlavə yolların tikilməsi, dairəvi və radial yolların salınması, şəhərdaxili bəzi yolların yenilənməsi, metro şəbəkəsinin genişləndirilməsi, dəmir yolunun mövcud şəbəkəsinin təkmilləşdirilməsi və əlavə xətlərin açılması, tramvay xətlərinin bərpası kimi layihələr ümumi mobilliyə müsbət təsir edəcək və ciddi alternativ rol oynayacaq”.
Ekspertin sözlərinə görə, tramvay ilk olaraq beş istiqamət üzrə müəyyən olunub və onlardan birinin 2030-cu ilə qədər tikilib istifadəyə verilməsi nəzərdə tutulub:
“Bu xətt Mehdiabaddan Binəqədini keçməklə "Azadlıq" prospekti boyunca “28 May” istiqamətinə doğru uzanacaq. Müəyyən hissədə "Azadlıq" prospektində həm gəliş, həm də gediş eyni istiqamətdə olacaq, lakin şəhərə doğru gəldikcə "Azadlıq" prospekti ensizləşdiyindən yalnız gediş istiqaməti davam edəcək və sonradan "Füzuli" küçəsindən dönəcək. Qayıdış istiqamətində isə "Səməd Vurğun" küçəsi ilə qalxaraq, köhnə "Nəsimi" bazarının yanından birləşib yenidən "Azadlıq" prospekti ilə qayıtması nəzərdə tutulur. Tramvayın məhz bu istiqamətlərdə tikilməsi hədəflənib ki, orada nə metro, nə də dəmir yolu mövcuddur və mövcud avtobus şəbəkəsi bu tələbi ödəyə bilmir".
Müsahib qeyd edib ki, növbəti mərhələlərdə Pirşağı stansiyasından Sea Breeze istiqamətinə tramvay xəttinin çəkilməsi və onun Mehdiabad xətti ilə əlaqələndirilməsi planlaşdırılır:
"Eyni zamanda, “28 May”dan Nargiləni keçməklə “Həzi Aslanov”istiqamətinə, “28 May”dan Bayıla doğru, eləcə də yeni çəkiləcək yolun şimal-cənub dəhlizi üzrə həmin yolun tərkibində tramvay xəttinin salınması nəzərdə tutulub. Bu da ümumi şəbəkəyə qoşulmaqla fərqli imkanlar yaradacaq. Şəhərin fərqli istiqamətlərinə çıxış imkanı ilə yanaşı, digər nəqliyyat növləri ilə inteqrasiya sərnişin axınının parçalanmasına, optimal marşrutların yaranmasına zəmin yaradacaq".
Zəri Bayramlı
