Travmay Bakıda tıxac problemini həll edə biləcək?
Bakıda nəqliyyat sıxlığının azalması məqsədilə “28 May” metrostansiyası istiqamətində yeni tramvay xəttinin çəkilməsi müzakirə olunur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, tramvayların çəkilməsi müsbət haldır:
“Tramvay xətlərinin çəkilməsinin əsas məqsədlərindən biri ictimai nəqliyyatı gücləndirmək, avtomobil yollarında olan yüklənməni azaltmaqdır və mən düşünürəm ki, əlbəttə ki, tramvay daha çox sərnişin daşıya bildiyi üçün, rels üzərində maneəsiz hərəkət etdiyi üçün bu yükü azalda biləcək. Bu gün bizim ictimai nəqliyyatımız avtobus və metrolardan ibarətdir, dəmir yolu ilə, taksi və köməkçi vasitələrlə. Tramvayların yenidən Bakıya qayıtması ilə ictimai nəqliyyat güclənir, şaxələnir və dövriyyədə bir nəqliyyat dövrü yaranır. Avtobus-metro-tramvay üçbucağı, nəqliyyat üçbucağı yaranır. Amma bilirsiniz, məlumdur ki, tramvay rels üzərində hərəkət edir, maneəsiz olmur və daha çox sərnişin daşıya bilir. Sovet dövründəki tramvaylardan təbii ki, fərqlənəcək, fərqlənməlidir və həm də daha sürətli olmalıdır. Başqa iki şəhər üçün tramvay effektiv addımdır. Sadəcə tramvay xətti çəkiləndə onun avtomobillərlə kəsişmə xəttlərini minimum etmək lazımdır ki, tramvay özü ayrıca zolaqda hərəkət etsin. Sibrizdən başlayaraq Mehdiabaddan keçməklə Bakının mərkəzinə qədər tramvay xətti çəkilməsi, daha sonra Bayıldan üzü Xəzər sularına metro istiqamətində tramvay xətti çəkilməsi, təbii ki, avtomobil istifadəsini azaldacaq. Tramvay xətti çəkilirsə, əlbəttə ki, yol infrastrukturunda müəyyən dəyişiklik ediləcək. Amma bu risklər çətinlik deyil, sadəcə müəyyən layihələrlə keçmək üçün lazım olan dəyişikliklərdir".
Arzu Poladova
