Tərcüməçilər Günü
30 sentyabr-Tərcüməçilər günü dünya mədəniyyətləri arasında körpü rolunu oynayan tərcüməçiləri anmaq üçün xüsusi bir gündür. Bu gün biz tərcümə və dillərin insan həyatındakı rolunu, mədəniyyətlərarası əlaqələrdə əhəmiyyətini araşdırırıq.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında tərcüməçi Peyman Ağazadə bildirib ki, tərcüməçilərin fəaliyyəti bir sahə ilə məhdudlaşmır:
“Burada iqtisadi,siyasi,sosial,beynəlxalq və bu tipli bütün sahələrdə beynəlxalq əlaqələrin formalaşdırılmasında rol oynayır. Biz təkcə beynəlxalq proseslərin gedişatında deyil, xalqlar arasında əlaqələrin təmin olunması, siyasi-sosial münasibətlərin qarşılaşdırılması və s. kimi mövzularda rol sahibidir. Əslində tərcümə peşəsi bir körpüdür. Fərqli millət və xalqlar arasında körpü rolunu oynayır”.
Müsahibimiz həmçinin bildirib ki, xarici dil bilmək insanın dünyagörüşünü artırır:
“Dili öyrənəndə sadəcə söz və qrammatika öyrənilmir. Dil öyrənəndə ilk onun mədəniyyəti öyrənilməlidir. Təhsildə, insanlarla əlaqədə, siyasi-sosial əlaqədə xaric dil bilmək üstünlük verir. Bu dilin inkişafında, neologizmlərin dilə daxil olmasında rol oynayır. Dil inkişaf etdikcə, yeni sözlər daxil olduqca zənginləşir. Bu gün Azərbaycan kifayət qədər beynəlmiləl dildir. Bundan fərqli situatsiyalarda, dövlətlərarası münasibətlərdə istifadə olunur”.
Müsahibimiz eyni zamanda bildirib ki, bu peşədə əsas prinsiplərdən biri dəqiqlikdir:
“Bəzən elə söz olur ki, dilimizə tam tərcümə olunmur. Hiss olunur ki, məna çatışmazlığı var. Lakin onun qarşılığının tapılması kifayət qədər vacib məqamlardan biridir. Qarşılıq olaraq fərqli mənalı sözlərdən istifadə olunduqda problem yarana bilər. Dəqiqliyin əsasında dilə hakim olmaq durur. İstənilən dilin leksikasını yaxşı bilmiriksə, məna problemlərinin yaranması qaçınılmazdır. Digər əsas isə fikrin tam aydın olması,sözlərin düzgün ifadə olunmasıdır. Çalışmalıyıq ki, qarşı tərəf bizi aydın başa düşə bilsin”.
Banuçiçək Məmmədova
