00:00:00
Yazar
Nərmin Həşimova
06.10.2026 19:12 41 3 dəq oxuma
Siyasət

TRIPP layihəsi İran-Ermənistan münasibətlərinə necə təsir edəcək?- AÇIQLAMA

TRIPP layihəsi İran-Ermənistan münasibətlərinə necə təsir edəcək?- AÇIQLAMA

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İran Prezidenti Məsud Pezeşkianla görüşündə TRIPP layihəsinin icrası ilə bağlı məlumat verməsi regionda nəqliyyat və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Görüş zamanı regional kommunikasiyaların açılması, nəqliyyat və infrastruktur layihələri ilə yanaşı, TRIPP layihəsinin yaratdığı imkanlar da müzakirə olunub.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Mirzoyanın Pezeşkiana TRIPP layihəsinin icrası ilə bağlı məlumat verməsi, ilk növbədə, İranın layihə ilə bağlı narahatlıqlarını aradan qaldırmağa hesablanıb:


“Mirzoyanın Pezeşkiana Zəngəzur dəhlizi, yəni TRIPP marşrutu ilə bağlı layihənin hansı səviyyədə olduğunu təqdim etməsi bilavasitə İranın bu layihə ilə bağlı narahatlığından irəli gəlir. Mirzoyan İran prezidentinə bu layihənin İran üçün təhlükə yaratmadığını izah etməyə çalışıb. TRIPP marşrutunun bir qolu Naxçıvan vasitəsilə Culfadan İrana dəmir yolunun açılması deməkdir. Bu isə Ermənistanın Culfa vasitəsilə İrana, oradan da Hindistana qədər yeni ticarət dəhlizinin açılması imkanlarının İrana fayda verə biləcəyini göstərir. İranın əsas narahatlıqlarından biri layihənin təhlükəsizliyinin necə təmin olunacağı ilə bağlıdır. İranı narahat edən digər məqam TRIPP marşrutunun hansısa formada ABŞ şirkətlərinin və ya hərbçilərinin nəzarətində ola bilməsi ehtimalıdır. Mirzoyan isə Pezeşkiana təminat verib ki, layihə Ermənistanın ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində həyata keçiriləcək, heç bir xarici qoşun, o cümlədən ABŞ hərbçiləri bu ərazidə fəaliyyət göstərməyəcək. Bu səfərin əsas məqsədlərindən biri də İranın TRIPP ilə bağlı narahatlıqlarını aradan qaldırmaqdır”.


Natiq Miri qeyd edib ki, TRIPP layihəsi ilə bağlı narahatlıqlar Ermənistan-İran münasibətlərinin inkişafına da təsir göstərir:


“Tərəflər arasında strateji tərəfdaşlıq sazişinin imzalanması gözlənilsə də, bu baş verməyib. İranın TRIPP layihəsi ilə bağlı ciddi narahatlıqları olduğu üçün hələlik Ermənistan-İran münasibətlərində irəliyə doğru ciddi inkişaf görmürük. Ermənistan və İran arasında strateji tərəfdaşlıq sazişinin hazırlanması gözlənilirdi, lakin bu sənəd imzalanmadı. Görünür, İran hələ də TRIPP layihəsi ilə bağlı nigarançılığını davam etdirir. Buna baxmayaraq, tərəflər münasibətləri pozmaq istəmirlər. Ən azı strateji tərəfdaşlıq sənədini imzalamaq mümkün deyilsə, strateji dialoqu davam etdirmək və münasibətlərin gərginləşməsinin qarşısını almaq istəyirlər”.


Politoloqun fikrincə, İran layihənin Ermənistanın suverenliyinə xələl gətirməyəcəyinə əmin olarsa, TRIPP-in yaratdığı iqtisadi imkanlardan yararlanmağa çalışa bilər:


“İran TRIPP layihəsində Ermənistanın suverenliyinin pozulmayacağına və ABŞ hərbçilərinin bu ərazidə nəzarəti ələ keçirməyəcəyinə əmin olarsa, düşünürəm ki, İran-Ermənistan münasibətləri pozulmayacaq. Əksinə, İran bu layihənin gətirdiyi üstünlüklərdən istifadə etməyə çalışacaq. Çünki bütövlükdə Pezeşkian hökumətinin TRIPP layihəsinə münasibəti o qədər də neqativ deyil. Əsas məsələ təhlükəsizliklə bağlı narahatlıqların aradan qaldırılmasıdır. TRIPP-in reallaşması regionda nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə şərait yarada bilər. TRIPP layihəsinin reallaşması regionda bütün nəqliyyat-kommunikasiya xətlərinin açılmasına ciddi töhfə verə bilər. Eyni zamanda, region dövlətlərində iqtisadiyyatın və əməkdaşlığın inkişafına şərait yaradacaq. Bu isə sülh, əməkdaşlıq və ticarət deməkdir. Ona görə də TRIPP kimi regional deyil, beynəlxalq əhəmiyyət daşıyan bir layihənin reallaşması region üçün iqtisadi baxımdan yeni transformasiya anlamına gəlir”.


Güllüzar Nəbili

#tripp #i̇ran-ermənistan #azərbaycan #yeni #necə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər