00:00:00
Yazar
Güllər Gülhüseynova
11.09.2026 19:22 95 2 dəq oxuma
Siyasət

TRİPP layihəsinin icrası niyə ləngiyir? 

TRİPP layihəsinin icrası niyə ləngiyir?

TRİPP layihəsinin reallaşdırılması ilə bağlı hüquqi bazanın yaradılması istiqamətində işlər davam etsə də, layihənin praktiki icrasına hələ başlanmayıb. Ermənistan və Rusiya arasındakı dəmir yollarına nəzarət məsələsi, eləcə də ABŞ-nin diqqətinin Yaxın Şərqdəki müharibəyə yönəlməsi layihənin icrasını ləngidən əsas amillər sırasında göstərilir.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, TRİPP layihəsinin birbaşa icrasına başlanmamasının bir çox səbəbləri mövcuddur:

 

 

“Hazırda Ermənistan və Amerika Birləşmiş Ştatları arasında TRİPP layihəsinin reallaşdırılması üzrə hüquqi bazanın yaradılması prosesi davam edir. Artıq bu layihəni reallaşdıracaq fondun yaradılması da sona çatdırılıb. Ancaq bununla belə, layihənin icrasının ləngiməsində önəmli məqamlar mövcuddur. Çünki bunların sırasına Amerika Birləşmiş Ştatlarının hazırda əsas diqqətinin Yaxın Şərqdəki savaşa yönəlməsi də daxildir. Digər tərəfdən, Ermənistan və Rusiya arasındakı qarşıdurmanın da bu prosesə təsirləri mövcuddur. Xüsusilə də Ermənistanın dəmir yolları şəbəkəsinin birbaşa Rusiyanın nəzarətində olması əngəlləyici faktorların sırasına daxil olmuş ola bilər. Çünki TRİPP layihəsinin icrası üçün Ermənistan yeni bir dəmir yolu xətti çəkməli olacaq və hazırda Ermənistan və Rusiya arasındakı anlaşmaya görə bütün dəmir yolları şəbəkəsi məhz Rusiyanın nəzarətində olmalıdır. ABŞ isə təbii ki, belə bir varianta qətiyyən müsbət yanaşmır. Hesab olunur ki, TRİPP layihəsində Rusiyanın iştirakı mümkün deyil və ona görə TRİPP üzrə dəmir yoluna Rusiya nəzarət etməməlidir. Hazırda Paşinyan hakimiyyəti bu məsələ ilə bağlı müəyyən iddialar irəli sürməkdədir. Rusiyadan mövcud anlaşmaların ləğvi tələb olunur”.

 

Ekspert həmçinin bunu da qeyd edib ki, Rusiya dəmir yollarına nəzarətlə bağlı hüquqi sənədlərin yenidən nəzərdən keçirilməsi prosesi gedir:

 

“Kremldə buna çox ciddi şəkildə etiraz olunur. Paşinyan hakimiyyəti isə müxtəlif arqumentlərlə Rusiya üçün problemlər yaratmağa çalışır. Xüsusilə də rəsmi İrəvan Rusiya dəmir yolları şəbəkəsində fəaliyyətini davam etdirəcəksə, illik 2 milyard dollar tələb edir. Rusiya isə Ermənistanı mövcud müqavilələrə zidd iddialar irəli sürərsə və bu iddialar üzrə addımlar atarsa, Beynəlxalq Məhkəmə ilə təhdid edir. Ziddiyyətli məqamlar kifayət qədər yüksəkdir, kifayət qədər çoxdur. Eyni zamanda, Ermənistan TRİPP layihəsinin bütün xərclərini digər iştirakçıların, xüsusilə də ABŞ-nin üzərinə qoymağa çalışır. Yəni bu layihənin istənilən halda reallaşacağı qətiyyən şübhə doğurmur, ancaq hələlik layihənin icrası qarşısındakı əngəllərin təmizlənməsi prosesi gedir”.

 

Güllər Gülhüseynova

#gündəm #yeni #niyə #layihəsinin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər