TRIPP sənədinin açıqlanması iqtisadi və ciddi siyasi mesajlar ehtiva edən strateji addımdır
Milli Məclisin deputatı Azər Kərimli vurğulayıb ki, TRIPP sənədi Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılmış növbəti və həlledici addım kimi qəbul edilməlidir:
"Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibəsində vurğuladığı kimi, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Sənəddə əksini tapan müddəalar bu strateji hədəfin reallaşma kontekstində mühüm bir həlqəni təşkil edir.
Prosesin bundan sonrakı mərhələsi isə daha çox texniki və operativ xarakter daşıyacaq, işçi qaydada intensiv şəkildə davam etdiriləcək.
Yekun olaraq qeyd etmək olar ki, bu sənəd Azərbaycanın regionda diktə etdiyi yeni reallıqların beynəlxalq səviyyədə təsdiqi və gələcək inkişafın yol xəritəsidir".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası üzrə çərçivə sənədinin qəbul edilməsi avqustun 8-də Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır. XİN-in şərhinə əsasən, bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan və ABŞ arasında imzalanan son sənəd onu göstərir ki, artıq bu proses reallığa çevrilir:
“Amerika Birləşmiş Ştatları 8 avqust 2025-ci ildə Vaşinqtondakı anlaşmaya uyğun olaraq bu prosesdə iştirak edir və artıq tərəflər hüquqi prosedurları da həll ediblər. Zəngəzur dəhlizinin açılması artıq reallığa çevrilir və buna qarşı çıxmaq istəyən ölkələrin imkanları yetərli qədər məhdudlaşır. Bu dəhlizin açılması Cənubi Qafqazda yeni bir geosiyasi mərhələnin başlanılmasını göstərir. Belə ki, bu nəqliyyat qovşağı işə düşəndən sonra regionun mənzərəsində də ciddi dəyişikliklər olacaq. ABŞ-nin bu prosesdə iştirakilə onun bölgədə nüfuzunun güclənməsi ilə müşahidə olunacaq deyə düşünülür və bu Cənubi Qafqaz üçün ciddi bir proses kimi dəyərləndirilməlidir. O baxımdan artıq bu bir geosiyasi reallıq olaraq qəbul olunur və Cənubi Qafqazda proseslər fərqli baş verəcəkdir. Bunun qarşısının alınması imkanları məhdudlaşır. Çünkü bu marşrutda ABŞ Prezidentinin adı verilib, bu artıq Tramp marşrutudur və bu da müəyyən qədər həm də bu marşrutun gələcəyi ilə bağlı təəssüratları özündə ehtiva etdiyini düşünürəm “.
Reyhan Quliyeva
