TTK təhsili əlçatan edir: gənclərin və ekspertlərin gözü ilə
Tələbə Təhsil Krediti (TTK) ali və orta ixtisas təhsili alan gənclərin maddi çətinliklər səbəbindən təhsildən uzaqlaşmaması üçün yaradılmış dövlət dəstəkli maliyyə mexanizmidir. Bu kredit vasitəsilə tələbələr təhsil haqqını təhsil aldıqları dövrdə ödəmək məcburiyyətində qalmır, məzun olduqdan sonra isə mərhələli şəkildə geri qaytarırlar. Sosial və standart növləri olan TTK təhsildə bərabər imkanların yaradılmasına və insan kapitalının inkişafına xidmət edir.
Bu mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı “İnformator.az”a bildirib ki, təhsil kreditlərinin verilməsi dövlətin maliyyə hesabına həyata keçiriləsə də, təhsil haqlarının artırlmasına bilavasitə təsir edən amillərdən biridir:
“Gələcəkdə təhsil kreditinin əhatə dairəsi genişlənərsə təhsil haqlarının artırılması da istisna edilmir. Hazırda Tələbə Təhsil Kreditinin Sosial və Standart olmaqla 2 növü var. Sosial kreditin şərtləri tələbələrə çox uyğundur. Dünya təcrübəsində tam faizsiz kredit olmasa da bir sıra ölkələrdə (Avstriya, Almaniya) çox az faizli və qrant-kredit modeli tətbiq edilir. Azərbaycanda qrant-kredit modelinin tətbiq edilməsi ən uyğun, ən ideal kredit modeli ola bilər. Onsuz da dövlətimiz kifayət qədər sosial yönümlü maliyyə proqramları həyata keçirir. Şəffaf şəkildə həyata keçirilən qrant-kredit modeli güclü rəqabət yararmaqla yanaşı daha çox şəxsin ali təhsil əlçatanlığını təmin edə bilər. Bu sistem gələcəkdə dayanıqlı inkişafın da güclü təməllərinin qoyulması deməkdir”.
Mövzu ilə bağlı Aytəkin Məmmədova da öz fikirlərini bölüşüb ki, bu dörd illik prosesdə ailəyə dəstək üçün təhsil krediti çox faydalı ola bilir:
“Sadəcə universitet bitirəndən sonra onu ödəmək üçün iş tapılması və s. Ola bilsin ki, gələcək qayğılarını bir az narahat edə bilir, gələcək üçün bir qayğı yarada bilir. Amma ümumilikdə təhsil kreditinin olması bu gün uşaqların aztəminatlı ailələrin uşaqlarının universitetdə davam etməsinə və universitetdə təhsil almasına çox köməklik göstərir. Bu əslində onlar üçün bir motivasiyadır. Sadəcə o stress faktoru istər istəməz olması normal haldır ki, deyəcəm çatdıracammı və s. Amma təhsil almaqlarına yol açır. Əksinə, düşünürəm, bu boşluq hissi özünə inamı azaltmır, sadəcə bir az öhdəsindən gəlməklə bağlı bir narahatlıq hissi yarada bilər. Bu da işlədikcə pul qazandıqca, maddi təminatları artdıqca bu narahatlıq halı aradan qalxır. Birbaşa özünə inamsızlıq deyil, sadəcə narahatlıq halının yaranmasına gətirib çıxarda bilər”.
Mövzu ilə bağlı tələbə Əsmər Həsənovanın fikirlərini aldıq:
"Tələbə təhsil krediti ailəmizin yükünü bir qədər azaldır. Amma bu kreditdən biz yalnız bir smestır istifadə edə bilərik. Daha sonra digər smestıra keçdikdə əgər istəyiriksə, yenidən müraciət edə bilərik. Mən özüm standart tələbə kreditindən istifadə edirəm, çünki anam dövlət işçisidir. Onun üçün mənə sosial tələbə təhsil krediti düşmür. Gələcək üçün o qədər də narahatlıq yaratmır, çünki işlədiyim zaman yalnız maaşımın 20% -a qədər ki məbləği tutulacaq və bu məvacibin az hissəsini təşkil edir. Digər tələbələrə tövsiyə edərəm. Tələbə üçün atılan ən müsbət addımlardan biridir".
Cavahir Əsgərbəyli
