Türkiyə-Almaniya hərbi və enerji əməkdaşlığı: Avropa təhlükəsizliyində yeni balans
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə ilə Almaniya arasındakı çoxşaxəli tərəfdaşlıq Avropanın sabitliyi və rifahı üçün mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, Berlində keçirilən Türkiyə-Almaniya Strateji Dialoq Mexanizmi Toplantısı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində ortaq iradəni göstərib. Hakan Fidan əlavə edib ki, tərəflər müdafiə sənayesi, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığı yeni layihələr və investisiyalarla genişləndirəcək.
Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Almaniya ilə hərbi və enerji sahələrində əməkdaşlığı dərinləşdirən Türkiyə Avropa İttifaqı ilə münasibətlərin, o cümlədən Gömrük İttifaqı və viza rejiminin yenilənməsi məsələsini gündəmə gətirir:
“Türkiyə ilə Almaniya arasındakı hərbi əməkdaşlıq Avropanın təhlükəsizliyinə və sabitlik siyasətinə ciddi təsir göstərir. NATO çərçivəsində inkişaf edən bu əlaqələr regionun müdafiə qabiliyyətini artırır. Bu isə öz növbəsində Şərqi Avropa və Aralıq dənizi hövzəsində mühüm bir balans yaradır. Enerji təhlükəsizliyi baxımından da Türkiyə strateji tranzit ölkədir və Almaniyanın enerji təhlükəsizliyində müsbət rol oynamaq potensialına malikdir. Almaniya Rusiyadan enerji asılılığını azaltdıqca, Türkiyə ilə əlaqələrə xüsusi önəm verməyi hədəfləyir. İki ölkə arasındakı müdafiə sənayesi forumları hərbi tərəfdaşlığı daha da dərinləşdirir. Yeni hərbi doktrinasını hazırlayan Almaniya üçün bu faktorlar olduqca əhəmiyyətlidir. Digər sahədə isə Avropa İttifaqı-Türkiyə münasibətləri məhz Almaniya vasitəsilə yeni bir gündəmə daşınır. Hazırda Gömrük İttifaqının yenilənməsinə böyük ehtiyac var. Eyni zamanda viza rejimində də Türkiyəyə fərqli və daha pozitiv bir münasibət bəsləmək məsələsi meydana çıxır”.
Aydan Əsgərxanlı