“Türkiyə Cənubi Qafqazda müharibədən deyil, sülhdən yanadır” - ŞƏRH
Cevdet Yılmaz bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqlar formalaşdıracaq. O, Ankaranın regionda davamlı sabitlik və əməkdaşlıqdan yana olduğunu vurğulayıb.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında qeyd edib ki, Türkiyənin Cənubi Qafqaz siyasəti əsasən sülh və sabitliyin təmin olunmasına yönəlib:
“Türkiyənin region siyasətinə baxdıqda aydın görünür ki, Ankara nadir dövlətlərdəndir ki, burada qarşıdurmadan deyil, sülhün bərqərar olunmasından yana çıxış edir. Hətta hərbi üstünlüyün mümkün olduğu dövrlərdə belə Türkiyə müharibə ritorikasına üstünlük verməyib, əksinə beynəlxalq hüquqa əsaslanan yanaşmanı ön plana çəkib. Bu gün də Türkiyə eyni mövqedə qalır və sülhü yalnız bəyanatlarda deyil, real addımlarla dəstəkləməyə çalışır. Bu isə təsadüfi deyil, çünki Türkiyənin dövlət maraqları da məhz sabitlik və iqtisadi inkişafla bağlıdır. Müharibə və gərginlik şəraitində heç bir dövlət uzunmüddətli iqtisadi fayda əldə edə bilmir. Əsl inkişaf yalnız sülh, açıq kommunikasiya xətləri və aktiv ticarət əlaqələri ilə mümkündür. Türkiyə də Cənubi Qafqazda məhz belə bir mühitin formalaşmasını istəyir. Məqsəd odur ki, regionda bütün tərəflər bu prosesdən iqtisadi və siyasi baxımdan fayda əldə etsinlər. Sülh sazişinin imzalanması regionda geosiyasi balansı dəyişə bilər. Yeni mərhələdə iqtisadi əməkdaşlıq və nəqliyyat xətlərinin açılması əsas prioritetə çevrilir. Xüsusilə Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu layihələr regionda qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır və həm Azərbaycan, həm də Türkiyənin tranzit əhəmiyyətini artırır".
Ayşə Müzəfərli