00:00:00
Yazar
Zəhra Həsənova
02.10.2026 22:37 16 2 dəq oxuma
Siyasət

Türkiyədən yeni hərbi təlim mesajı: Azərbaycan, Qırğızıstan və Qazaxıstan da iştirak edə bilər

Türkiyədən yeni hərbi təlim mesajı: Azərbaycan, Qırğızıstan və Qazaxıstan da iştirak edə bilər

Türkiyənin keçirməyə hazırlaşdığı yeni hərbi təlimdə Azərbaycan, Qırğızıstan və Qazaxıstanın da iştirak edə biləcəyi bildirilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, Türk dövlətləri arasında birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsü Azərbaycan Prezidenti cənab İlham Əliyevə məxsusdur:

 

"Ötən il Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının səkkizinci Zirvə Görüşündə Azərbaycan Prezidenti təklif edib ki, 2026-cı ildən başlayaraq türk dövlətləri arasında birgə hərbi təlimlər keçirilsin və ilk belə təlim məhz Azərbaycanda təşkil olunsun. Bu təlimlərin keçirilməsinin məqsədi türk dövlətlərinin hərbi strukturları arasında praktiki əlaqələrin qurulması, döyüş hazırlığının və mənəvi-psixoloji hazırlığın eyni səviyyəyə çatdırılması, eyni zamanda, hər bir ölkənin hərbi arsenalında olan texnikadan birgə əməliyyatlar zamanı istifadə xüsusiyyətlərinin və qaydalarının öyrənilməsi kimi hərbi məqsədlərlə bağlı idisə, məsələnin ən mühüm siyasi tərəfi Türk Dövlətləri Təşkilatının getdikcə daha real siyasi struktura çevrilməsi, regionun təhlükəsizliyinin və müdafiə qabiliyyətinin təmin olunmasında təşkilata üzv dövlətlərin silahlı qüvvələrinin rolunun artırılması və bu istiqamətdə peşəkarlığın yüksəldilməsi kimi strateji məqsədlərdən ibarət idi. Bildiyiniz kimi, bu il artıq ölkəmizdə Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü” adlı birgə hərbi təlim keçirilib. Gözlənilən idi ki, bu təlimlər davamlı xarakter alsın, növbəti mərhələdə onlara Türk Dövlətləri Təşkilatının digər üzv ölkələri də qoşulsun. Növbəti təlimin Türkiyədə keçirilməsi və həmin təlimə digər türk dövlətlərinin də qatılması bu baxımdan məntiqə uyğundur və mən deyərdim ki, əvvəlcədən razılaşdırılmış planın tərkib hissəsi kimi qiymətləndirilməlidir".

 

Politoloqun sözlərinə görə, Türkiyənin NATO-dan kənar belə bir hərbi ittifaqın formalaşmasında maraqlı olmasına gəlincə, son illərdə təkcə Azərbaycan və Mərkəzi Asiyanın türk respublikaları deyil, Türkiyə də Türk Dövlətləri Təşkilatının hərtərəfli regional struktura çevrilməsində maraqlı olduğunu nümayiş etdirir:

 

"İstər Türk Dövlətləri Təşkilatının siyasi birlik kimi formalaşması, istər iqtisadi alt strukturların yaradılması, istərsə də mədəni və tarixi istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi onu deməyə əsas verir ki, növbəti mərhələdə hərbi sahədə əməkdaşlığın da genişləndirilməsi gündəmə gələ bilər. Bu baxımdan, gələcəkdə Turan ordusu adlandırılan vahid hərbi birliyin formalaşdırılması ideyasının ilkin rüşeymləri kimi, birgə müdafiə sənayesinin inkişaf etdirilməsi ilə paralel olaraq, hər bir ölkənin silahlı qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsini göstərmək olar. Bu gün həmin istiqamətdə atılan addımlar yaxın gələcəkdə NATO tipli yeni regional hərbi ittifaqın yaradılması ehtimalı ilə bağlı gözləntiləri artırır. Şübhəsiz ki, istər şimal, istərsə də cənub sərhədlərimizdə artan hərbi təhdidlər və təhlükələr türk dövlətlərini bu məsələdə daha operativ və qətiyyətli addımlar atmağa vadar edir. Belə bir şəraitdə birgə hərbi təlimlərin keçirilməsi bu baxımdan çox doğru və vaxtında verilmiş qərar kimi qiymətləndirilə bilər".

 

Selcan Xudiyeva

#baki #qazaxıstan #azərbaycan #hərbi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər