“Türkiyə Fələstin məsələsində siyasətini dəyişikliklərə uyğunlaşdırır”- Xaqani Cəfərli
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək.
Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə təşkil olunub.
Yüksəksəviyyəli danışıqların avqustun 12-də keçirilməsi nəzərdə tutulur.7 Danışıqlar zamanı Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetiriləcəyi gözlənilir.
Səfər avqustun 13-də başa çatacaq.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın Türkiyəyə rəsmi səfəri rəsmi Ankaranın Fələstin məsələsində balans yaratmaq cəhdi kimi dəyərləndirmək olar:
“Məlum olduğu kimi, Fələstin ərazisində iki hakimiyyətlik mövcuddur və rəsmi Ankara Qəzzadakı HƏMAS hakimiyyəti ilə daha yaxındır. Bunu HƏMAS liderlərinin Türkiyəyə səfərləri və görüşləri ilə Mahmud Abbas adminstrasiyasının təmsilçilərinin Ankaraya səfərləri və görüşləri ilə müqayisə edəndə aydın görünür. Yəni, rəsmi Ankaranın HƏMAS-LA münasibətləri Mahmud Abbas adminstrasiyası ilə münasibətlərdən həmişə güclü olub.
İndi isə HƏMAS-ın Qəzzada mövqelərini itirməsi qorxusu var. Buna görə də Türkiyə Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla münasibətlərini yüksəltməyə çalışır. Bu ABŞ Prezidenti Donald Trampın Qəzza siyasətinə də uyğundur. Məlum olduğu kimi, Trampın Qəzza siyasəti HƏMAS-ın tərki-silah edilməsini və hakimiyyətdən kənarlaşdırılmaısnı nəzərdə tutur”.
Xaqani Cəfərli qeyd edib ki, proses bu istiqamətdə gedir:
“Türkiyə hakimiyyəti də siyasətini bu dəyişikliklərə uyğunlaşdırmağa çalışır. Mahmud Abbasın səfəri Ankaranın Fələstin məsələsində diplomatik rolunu daha da gücləndirəcəyi anlamına gəlməməlidir. Çünki, Türkiyə bu məsələdə indikindən artıq təsirə malik ola bilməz. Bunun sadə bir səbəbi var: onun prosesə təsir edəcək qədər resursu yoxdur. Yeganə məsələ Mahmud Abbas adminstrasiyası ilə münasibətləri yüksəltmək, HƏMAS-ın tərki-silah edilməsindən sonra Fələstində yaranacaq siyasi vəziyyətə öncədən hazırlıq xarakteri daşıyır”.
Nuray Əliyeva