Türkiyə hansı qərarı verəcək ? F-35 yoxsa S-400
Türkiyənin Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemlərindən imtina edib-etməyəcəyi artıq təkcə Ankara-Moskva münasibətlərinin deyil, Türkiyə ilə ABŞ arasındakı müdafiə əməkdaşlığının gələcəyini müəyyənləşdirən əsas məsələlərdən birinə çevrilib. Donald Tramp administrasiyasının Ankaranın F-35 proqramına qayıtmasına açıq mesaj verməsi illərdir dalana dirənmiş proses üçün yeni imkan yaradıb. ABŞ qanunvericiliyində Türkiyənin S-400-lərə sahib olduğu müddətdə F-35-lərin verilməsini məhdudlaşdıran müddəalar qüvvədə qalır. Buna görə də, Ankara üçün məsələ sadəcə S-400-ləri aktiv şəkildə istifadə edib-etməmək deyil, bu sistemlərin gələcək taleyini həll etməkdir. Türkiyənin qarşısında seçim yalnız bir silah sistemindən imtina etmək deyil. Mütəxəssislərin fikrincə, Ankara faktiki olaraq Rusiya ilə müdafiə əməkdaşlığının simvollarından birini qorumaqla Qərbin qabaqcıl döyüş aviasiya proqramına qayıtmaq arasında strateji tarazlıq qurmağa çalışır.
Mövzu ilə bağlı "İnformator.az" ARB24-ə istinadən məlumat verir ki, siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib ki, Türkiyə istəməz ki, öz hərbi arsenalını Rusiyadan asılı vəziyyətə salsın:
"Hazırkı dövrdə onun silah və hərbi arsenal müqavilələri daha çox Qərb ölkələrilədir. F-35 sistemlərinə geri qayıtmaq üçün Vaşinqtonla hazırda danışıqlar davam edir. Bu halda əgər ona konkret olaraq S-400-dən imtina etmək tələbi qoyulacaqsa, böyük ehtimalla Türkiyə daha çox imtinaya meylli bir qərara yönəlmiş olacaq”.
Məsələ ilə bağlı siyasi şərhçi Sahil Kərimli qeyd edib ki, Türkiyə artıq S-400 raketlərinin müttəfiq və ya digər dost ölkələrə satılması ilə bağlı qərar verib:
"Bu istiqamətdə yəqin ki, danışıqlar aparılır. Bu məsələ tam həllini tapdıqdan sonra əlbəttə ki, ABŞ F-35 qırıcı təyyarələrinin Türkiyəyə satılması məsələsinə tam razılıq verəcəkdir. Türkiyə üçün əsas vacib məqamlardan biri F-35 təyyarələrinin də öz ordusuna yəni, öz hərbi arsenalına qatmaqdır və mən hesab edirəm ki, bu da tamamliə düzgün addımdır”.