"Türkiyə İran-ABŞ dialoqunu regionda sabitliyin açarı hesab edir"- ŞƏRH
Türkiyənin xarici işlər naziri Hakan Fidan İran və ABŞ arasında diplomatik razılaşmanın yenidən bərpa edilməsinin regionda sabitliyin qorunması baxımından vacib olduğunu bəyan edib. O, Qətərə rəsmi səfəri çərçivəsində verdiyi müsahibədə tərəflər arasında dialoqun bərpasının zəruriliyini vurğulayaraq, Türkiyə və Qətərin böhranın həlli istiqamətində diplomatik səylərini davam etdirdiyini bildirib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, Hakan Fidanın bu açıqlaması Türkiyənin Yaxın Şərqdə gərginliyin daha da dərinləşməsinin qarşısını almağa yönələn praqmatik xarici siyasət xəttinin davamı kimi qiymətləndirilə bilər:
“Ankara hesab edir ki, İran və ABŞ arasında dialoqun bərpası regionda hərbi eskalasiya riskini azalda, enerji bazarlarında sabitliyi gücləndirə və ticarət marşrutlarının təhlükəsizliyini təmin edə bilər. Türkiyə həm İranla qonşuluq münasibətlərini, həm də NATO üzvü kimi Qərblə əməkdaşlığını nəzərə alaraq balanslaşdırılmış mövqe tutmağa çalışır. Bu baxımdan, Ankara tərəflər arasında qarşıdurmanın deyil, diplomatik həll yollarının tərəfdarı olduğunu nümayiş etdirir. İran və ABŞ arasında yenidən razılığın əldə olunması isə tam istisna edilmir, lakin bunun qısa müddətdə baş verməsi çətin görünür. Tərəflər arasında etimad böhranı, qarşılıqlı sanksiyalar, nüvə proqramı ətrafındakı fikir ayrılıqları və regional təhlükəsizlik məsələləri hələ də əsas maneələr olaraq qalır. Bununla belə, hər iki tərəf uzunmüddətli qarşıdurmanın iqtisadi və siyasi xərclərinin artdığını anlayır. Məhz buna görə də, vasitəçi ölkələrin, o cümlədən Türkiyənin diplomatik təşəbbüsləri gələcək danışıqlar üçün müəyyən zəmin yarada bilər. Razılaşma baş verərsə, bu, təkcə İran və ABŞ münasibətlərinə deyil, bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik mühitinə və qlobal enerji bazarlarına da müsbət təsir göstərə bilər".
Mehriban Yariyeva