“Türkiyə NATO-nun əsas vazkeçilməz ölkəsi statusundadır” - ŞƏRH
Hakan Fidan Türkiyənin Ukraynadakı münaqişənin həlli üçün Amerika Birləşmiş Ştatlarının vasitəçilik səylərinə güclü dəstək verdiyini və bu çərçivədə üzərinə düşən hər şeyi etməyə hazır olduğunu bəyan edib.
Mövzu ilə bağlı AĞ Partiya başqanının müavini, beynəlxalq əlaqələr üzrə siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Hakan Fidanın bu açıqlamanı verməsi təsadüfi deyil:
“Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri də bilir ki, Amerika sülh təşəbbüsü ilə vasitəçi rolunda çıxış etsə də, məkan kimi İstanbul və Ankarada hər hansı bir görüşün baş tutmasının keçirilməsinin əleyhinə deyil. Məhz bu səbəbdən də Hakan Fidan öz dövlətinin mövqeyini çatdırır və Amerikanın vasitəçiliyini dəstəklədiklərini bəyan edir. Hesab edirəm ki, bu da çox ciddi irəliləmələrdən və həm də Türkiyə və Amerika arasında son zamanlarda münasibətlərin yaxınlaşmasından xəbər verir. Eyni zamanda bilirsiniz ki, NATO-da Amerikadan sonra ordusunun gücünə görə ikinci böyük ölkə qardaş Türkiyədir. Bu da burada təbii ki, böyük rol oynayır və hesab edirəm ki, bu açıqlamalardan sonra regionda əməkdaşlıq formatında yeni bir diplomatik mərhələ də başlaya bilər. Bu gün Donald Trampın da Ukraynanın məğlub olması yönündə müəyyən açıqlamaları olub və bununla da paralel olaraq Hakan Fidanın belə açıqlamalar səsləndirməsi, hesab edirəm ki, Ukrayna cəbhəsində savaşın artıq sona doğru getdiyindən xəbər verir. Türkiyə də istəyir ki, bu savaşın son bitim mərhələsi, son görüşlər, imza atılacaq sənəd Ankara və ya İstanbulda imzalansın. Bu da dünyada Türkiyənin rolunun hansı yerdə olduğundan bir daha xəbər versin və bunu sübut etsin”.
Həmçinin şərhçi qeyd edib ki, Ankaranın fəallaşması normal haldır və təəccüblü deyil:
“Və onu da unutmayaq ki, bu proseslərdə əsas tərəf sayılan Rusiya və eyni zamanda Ukrayna Ankara və ya İstanbulda hər hansı bir görüşün keçirilməsinin və müharibənin bitimini göstərən razılaşmanın əldə olunmasının əleyhinə deyil. Göründüyü kimi həm Rusiya, həm Ukrayna, həm də Amerikanın bu prosesdə Türkiyənin məkan kimi seçilməsinin əleyhinə olmaması Türkiyə üçün böyük üstünlükdür. Türkiyənin NATO daxilində fəallığı hər zaman olub. Bu açıqlamalar da o fəallığı daha artırmağa yönəlib. Dediyim kimi, Türkiyə NATO-nun əsas vazkeçilməz ölkəsi statusundadır. Əvvəl də qeyd etdiyim kimi, Amerikadan sonra ordusuna görə NATO-nun əsas ölkəsidir. Ona görə də, Türkiyə burada hər zaman fəallığını saxlamağa çalışır və hesab edirəm ki, bunu qoruyub saxlayır. Bütün bu Hakan Fidanın açıqlamalarına yekun olaraq bildirmək lazımdır ki, Türkiyənin xarici siyasəti hazırda çox yüksək səviyyədədir. Bu yüksək səviyyənin nəticəsidir ki, Ukrayna kimi hazırda 21-ci əsrin ən böyük savaşının bitim nöqtəsi kimi Ankara və İstanbula həm Rusiya, həm Ukrayna, həm də Amerika nəzər yetirirlər”.

Aytac İbrahimova