00:00:00
Yazar
Zəhra Həsənova
19.02.2026 18:41 15 2 dəq oxuma
Siyasət Özəl

Türkiyənin Avropanın müdafiə mexanizmlərinə inteqrasiyası risklər yarada bilər - ŞƏRH

Türkiyənin Avropanın müdafiə mexanizmlərinə inteqrasiyası risklər yarada bilər - ŞƏRH

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Efiopiyadan qayıdarkən bildirib ki, Avropanın müdafiə və təhlükəsizlik mexanizmlərinə Türkiyənin daxil edilməsinin vaxtı çoxdan çatıb. O, vurğulayıb ki, Türkiyə ordusu NATO-nun ən güclü ordularındandır və Avropada yeni müdafiə sistemi Türkiyəsiz yetərli olmayacaq. Ərdoğan diplomatiyanın qapısı açıq olduğu müddətcə ümidlərini qoruyacaqlarını qeyd edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, bu mövqe Türkiyənin uzun illərdir davam edən Avropa siyasətinin tərkib hissəsidir:

 

“İndiki şəraitdə Ərdoğanın Avropanın müdafiə və təhlükəsizlik mexanizmlərinə Türkiyənin qoşulması barədə çağırışlar son 50 ildə qüvvədə olan Avropa Birliyinə üzvlük siyasətinin başqa formada davamıdır. Ərdoğanın Türkiyəni Avropanın təhlükəsizlik və müdafiə mexanizmlərinə qoşmaq cəhdləri onilliklər əvvəl başlayan üzvlük siyasətinin məntiqi davamıdır. Türkiyə NATO üzvü olsa da, hələ də Avropa Birliyi üzvü deyil. Hamıya məlumdur ki, bu gün Avropa Birliyi də, NATO da əvvəlki qurumlar deyil. Avropa ilə ABŞ arasında, eləcə də NATO daxilində münasibətlər yeni mərhələyə daxil olur və bu prosesin sonunun necə olacağı bəlli deyil. Avropa Birliyi öz gələcəyi ilə bağlı ciddi axtarış mərhələsindədir. Belə şəraitdə Türkiyənin Avropa Birliyinin müdafiə və təhlükəsizlik mexanizmlərinə qoşulmaq cəhdi qarşıdakı dövrdə ən düzgün strategiyanı tapmaq təşəbbüsü kimi qiymətləndirilə bilər. İndiyədək Avropa Birliyi Türkiyəni siyasi-iqtisadi qurumlarına daxil etməyib. Əgər Türkiyə bu strukturlara qəbul olunmayıbsa, bundan sonra təhlükəsizlik və müdafiə mexanizmlərinə qoşulacağına ehtimal etmək çətindir. Avropa Birliyi Fransa və Almaniyanın səyləri ilə ABŞ siyasətinə alternativ hərbi-siyasi mərkəz kimi formalaşmağa çalışır. Bu transformasiya Avropanın özünü müstəqil hərbi-siyasi güc mərkəzinə çevirmək cəhdidir. Müəyyən mənada Tramp siyasətinə alternativdir, digər tərəfdən isə Rusiyanın mümkün aqressiyasından qorunmaq təşəbbüsüdür”.

 

Aydın Quliyevin fikrincə, bu şəraitdə Türkiyənin Avropanın hərbi və təhlükəsizlik mexanizmlərinə inteqrasiyası əlavə risklər yarada bilər: 

 

“Əgər Avropa həm Trampın siyasətinə, həm də Rusiyanın gələcək aqressiyasına qarşı alternativ mərkəz kimi formalaşırsa, Türkiyənin bu mexanizmlərə qoşulması onu Rusiya və ABŞ ilə üz-üzə qoya bilər. Bunun Türkiyə üçün nə dərəcədə məqsədəuyğun olduğunu isə yalnız Ankaranın öz strateji qərarları müəyyən edə bilər. Proseslərin yekun nəticəsi hələlik qeyri-müəyyəndir. Gələcəyin necə formalaşacağı həm Avropa, həm də Türkiyə üçün açıq qalır”.

 

Fatimə Hüseynli

#azərbaycan #gündəm #inteqrasiyası #risklər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər