Türkiyənin ŞƏT-ə yaxınlaşması NATO üçün narahatlıq yaradır?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə səfər edib.
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Ankaranın ŞƏT-lə münasibətlərini genişləndirmək səyləri NATO tərəfindən, eləcə də digər Qərb mərkəzli beynəlxalq təşəbbüslər və ya dövlətlər tərəfindən müsbət qarşılanmaya bilər:
“Onlar buna həm qısqanclıq nöqteyi-nəzərindən, həm də öz milli maraqları baxımından problem və təhlükə kimi yanaşa bilərlər. Ona görə ki, Şanxay Əməkdaşlıq Təşkilatı hərbi məsələlərə aid olan təhlükəsizlik, terrorizmlə mübarizə və digər ümumi təhlükəsizlik məsələlərini də əhatə edən bir təşkilatdır. Yəni Şanxay Əməkdaşlıq Təşkilatında iqtisadi məsələlərlə, iqtisadi siyasət və əməkdaşlıqla yanaşı, beynəlxalq terrorizm, regional təhlükəsizlik və hərbi sahəyə aid edə biləcəyimiz digər faktorlar da ön planda olur və əlaqələr bu istiqamətdə də qurulur. Bunu da, əlbəttə ki, NATO-nun və ya digər Avropa və Qərb mərkəzli beynəlxalq təşkilatların təhlükə kimi görməsi müəyyən mənada normaldır. Çünki NATO daxilində, bilirsiniz, üzv dövlətlər arasında təşkilat daxilində əldə olunan məlumatların, ümumi müddəaların və hərbi-texniki sahədə əldə edilən uğurların maksimum səviyyədə məxfi saxlanılması kimi mühüm faktorlar var. NATO üzvləri məhz bu amili əsas gətirərək Türkiyənin ŞƏT-ə yaxınlaşmasını özləri üçün təhlükə elan edə bilərlər. Bu da münasibətlərdə müəyyən soyuqluq yarada bilər. Ancaq burada önəmli məsələ nədən ibarətdir? Türkiyə tərəfinin mövqeyinə baxmalıyıq və məsələni bu prizmadan dəyərləndirməliyik. Türkiyə heç vaxt demir ki, biz NATO-dan çıxırıq və ya Qərbə görə ŞƏT-dən imtina edirik. Türkiyənin təbii haqqıdır ki, müstəqil dövlət kimi öz xarici siyasətini formalaşdırsın və milli maraqlarından çıxış etsin”.
Tədqiqatçı həmçinin bunu da qeyd edib ki, bu milli maraqlar hansısa blokun maraqları ilə toqquşmursa, konkret bir blokun maraqlarına qarşı yönəlmirsə, həmin blokun bunu tənqid etməsi və ya özünə təhlükə elan etməsi artıq ikili standart məsələsi kimi qəbul edilməlidir:
“Türkiyə NATO-nun sirlərini və ya digər məsələləri ŞƏT çərçivəsində deşifrə etmir, bu məlumatları digər tərəflərlə bölüşmür və hərbi sirləri yaymır. Türkiyə öz xarici siyasətində müxtəlif təşkilatlarla münasibətlərini formalaşdırır və yaxşı başa düşür ki, həm Qərblə, həm də Şərqlə əlaqələr qurmaq ona əlavə üstünlüklər gətirir. Müstəqil dövlət kimi bu üstünlüklərdən məhrum olmamaq üçün də siyasətini bu istiqamətdə qurur və davam etdirir. Bu, tamamilə təbii haldır. Qaldı Türkiyənin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişafında ŞƏT-in yaratdığı imkanlara, mənə elə gəlir ki, Türkiyənin birbaşa imkanları ŞƏT çərçivəsindəki imkanlarından daha genişdir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində Türkiyənin Mərkəzi Asiya dövlətləri ilə əlaqələri daha uğurlu və perspektiv baxımdan daha faydalı ola bilər. Amma əlbəttə ki, ŞƏT daxilində də münasibətlər inkişaf etdikcə, Türkiyənin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrində yeni dividendlər əldə etmək imkanları yarana bilər. Bunların ən başında Orta Dəhliz məsələsi gəlir. Eyni zamanda, “Bir kəmər, bir yol” təşəbbüsü, digər beynəlxalq nəqliyyat-tranzit infrastrukturu layihələri, ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq, sənaye və investisiya məsələləri də mühüm əhəmiyyət daşıyır. Bütün bunlar Türkiyənin Mərkəzi Asiya siyasətində yeni imkanlar yaradır. Türkiyə tərəfi də bu imkanları həm ikitərəfli münasibətlər, həm çoxtərəfli əməkdaşlıq, həm də bundan daha perspektivli hesab edə biləcəyimiz Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid mexanizm vasitəsilə həyata keçirmək imkanına malikdir”.
Güllər Gülhüseynova