“Türkiyə-Pakistan əməkdaşlığı regionda balanslaşdırıcı rol oynayır” - ŞƏRH
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb.
Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfiqar “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında baş tutan telefon danışığı iki ölkə arasında münasibətlərin artıq strateji tərəfdaşlıq mərhələsində olduğunu bir daha təsdiqləyir:
“Əlaqələr yalnız siyasi deyil, həm də hərbi, iqtisadi və mədəni sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq formatına çevrilib. Bu mütəmadi təmaslar əlaqələrin davamlı şəkildə möhkəmləndirildiyini göstərir. Türkiyə-Pakistan əməkdaşlığı regionda balanslaşdırıcı rol oynayır və xüsusilə Cənubi Asiya ilə Yaxın Şərq arasında yeni geosiyasi körpü yaradır. Bu yaxınlaşma bəzi ölkələr üçün alternativ güc mərkəzinin formalaşması kimi qəbul edilə bilər, digərləri üçün isə əməkdaşlıq və sabitlik imkanlarını genişləndirir. Eyni zamanda, bu ittifaq müdafiə sənayesi, enerji və ticarət sahələrində digər regional aktorların da siyasətinə təsir edən amilə çevrilir. Liderlərarası telefon danışıqları müasir diplomatiyada çevik və operativ alət kimi böyük əhəmiyyət daşıyır. Belə təmaslar vasitəsilə tərəflər mövqelərini qısa zamanda uzlaşdırır, mümkün böhranların qarşısını alır və strateji qərarların ilkin konturlarını müəyyənləşdirirlər. Xüsusilə sürətlə dəyişən beynəlxalq mühitdə bu cür birbaşa ünsiyyət kanalları dövlətlərarası etimadın qorunmasında və əməkdaşlığın davamlılığında mühüm rol oynayır”.
Aytac İbrahimova