“Türkiyə-Pakistan münasibətləri Azərbaycana təsirsiz ötüşmür” - ŞƏRH
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şərif ilə regiondakı vəziyyəti müzakirə edib.
Mövzu ilə bağlı AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə və Pakistanın rəhbərləri arasında baş tutan bu telefon danışığı Azərbaycan üçün də önəmlidir:
“Çünki Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı və dostluğu bütün dünyaya bir nümunədir. Hətta bu ölkələr arasında Bakı Bəyannaməsi də imzalanıb. Ona görə də, bu iki ölkə arasındakı münasibətlərin səviyyəsi birbaşa Azərbaycana da təsir göstərir. Eyni zamanda, hər iki ölkə Yaxın Şərq və Cənubi Asiya regionlarında öz təsir imkanlarını genişləndirməyə çalışır. Onlar baş verən proseslərin birbaşa iştirakçılarından birinə çevrilmək və sülhə töhfə vermək niyyətindədirlər. Bu baxımdan, hazırda İran ətrafında baş verən gərginlik fonunda bu telefon danışığı həm də müəyyən mesaj xarakteri daşıyır. Gələcəkdə bu cür təmasların daha da intensivləşəcəyinin şahidi ola bilərik. Türkiyə-Pakistan münasibətləri ən yüksək səviyyədə olmalıdır və buna layiqdir. Unutmayaq ki, Türkiyə NATO üzvüdür və ordusunun gücünə görə alyansın ən önəmli ölkələrindən biridir. Pakistan isə nüvə silahına sahib azsaylı dövlətlərdəndir. Bu baxımdan, onların qarşılıqlı əlaqələri xüsusi əhəmiyyət daşıyır və müsəlman dünyası üçün də nümunə ola bilər”.
Cavanşir Abbaslı qeyd edib ki, bu ölkələr arasındakı münasibətlər digər müttəfiq və tərəfdaş dövlətlərlə əlaqələrə də təsir göstərir:
“Burada təkcə Azərbaycan faktorunu ön plana çəkmək düzgün olmaz. Azərbaycan hər iki ölkə ilə sıx dostluq və qardaşlıq münasibətlərinə malikdir və bu xətti davam etdirir. Lakin Türkiyə-Pakistan münasibətlərini yalnız bir ölkənin prizmasından qiymətləndirmək də doğru deyil. Hər iki dövlətin geosiyasi və hərbi potensialı nəzərə alınarsa, bir çox ölkələrin onlarla əməkdaşlığa maraq göstərməsi təbiidir. Bu səbəbdən də, Türkiyə ilə Pakistan arasındakı münasibətlərin dinamikası digər ölkələrlə əlaqələrə də birbaşa təsir edir”.

Nuray Əliyeva