00:00:00
Yazar
Banuçiçək Məmmədova
28.04.2026 14:55 12 2 dəq oxuma
Siyasət

Türkiyə Quru Qoşunları Komandanının Azərbaycana rəsmi səfəri

Türkiyə Quru Qoşunları Komandanının Azərbaycana rəsmi səfəri

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilən məlumata görə, Türkiyə Quru Qoşunları komandanı Azərbaycanda rəsmi səfərdədir. Səfərin əsas məqsədi iki ölkə arasında hərbi əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması və regional təhlükəsizlik məsələlərinin müzakirəsidir. Qardaş ölkələr arasında strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən bu cür səfərlər müdafiə sahəsində əlaqələrin inkişafına mühüm töhfə verir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Türkiyə Quru Qoşunları Komandanının Azərbaycana rəsmi səfəri ilk növbədə iki ölkə arasında artıq yüksək səviyyədə olan hərbi əməkdaşlığın institusional dərinləşdirilməsi məqsədi daşıyır:

 

“Bu cür səfərlər adətən operativ koordinasiya, planlaşdırma və müdafiə sistemlərinin uyğunlaşdırılması mərhələsi kimi çıxış edir. Yəni burada əsas məqsəd yeni əməkdaşlıq yaratmaqdan çox, mövcud hərbi inteqrasiyanı daha funksional və sistemli hala gətirməkdir. Səfərin mühüm məqsədlərindən biri birgə hərbi təlimlərin və komanda-struktur uyğunluğunun daha da təkmilləşdirilməsidir. Son illərdə iki ölkə arasında keçirilən birgə təlimlər artıq klassik təcrübə mübadiləsi səviyyəsini keçib və real döyüş koordinasiyasına yaxın modelə çevrilib. Bu baxımdan komandanlıq səviyyəsində görüşlər taktiki uyğunlaşma, bölmələrarası koordinasiya və əməliyyat standartlarının yaxınlaşdırılması üçün əhəmiyyətlidir. Digər istiqamət müdafiə sənayesi və texnoloji əməkdaşlıqdır. Xüsusilə pilotsuz uçuş aparatları, artilleriya sistemləri və modern döyüş idarəetmə texnologiyaları sahəsində Türkiyənin təcrübəsi Azərbaycan üçün ciddi əhəmiyyət daşıyır. Bu səfər çərçivəsində texniki inteqrasiya, modernizasiya layihələri və potensial birgə istehsal imkanlarınən da müzakirə ehtimalı yüksəkdir.
Daha bir olduqca vacib aspekt isə regional təhlükəsizlik mühitidir. Cənubi Qafqaz post-münaqişə dövrünə qədəm qoysa da sərhədlərimizdə bir tərəfdən Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə isə İranla ABŞ qarşıdurması təhlükəsizlik risklərini xeyli artırıb. Bu baxımdan tərəflər sərhəd təhlükəsizliyi, mümkün eskalasiya riskləri və ümumi regional hərbi balans məsələlərini müzakirə edirlər. Bu, həm də strateji planlaşdırma baxımından vacibdir. Odur ki, tərəflər arasında həm birgə təlim planlaşdırılması və genişləndirilməsi, müdafiə sənayesi əməkdaşlığı və texnoloji inteqrasiya, eləcə də regional təhlükəsizlik və potensial risk ssenarilərinin koordinasiyası ilə bağlı məsələlərin müzakirəsi labüddür. Ümumiyyətlə isə səfər onu göstərir ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq real hərbi planlaşdırma və əməliyyat uyğunluğu səviyyəsində davam edir. Bu isə iki ölkə arasında müdafiə sahəsində çox yüksək inteqrasiya modelinin formalaşdığının göstəricisidir”.

 

Banuçiçək Məmmədova

#türkiyə #azərbaycana #gündəm #rəsmi #qoşunları
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər