“Türkiyə regionda diplomatik mərkəzə çevrilmək istəyir” - ŞƏRH
Yaxın Şərqdə artan risklər qarşısında diplomatik təmaslarımızı sürətləndirdik. Bunu Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Tayyib Ərdoğanın bu açıqlaması göstərir ki, Türkiyə Yaxın Şərqdə artan riskləri artıq birbaşa milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir:
“Türkiyənin əsas maraqları üç istiqamətdə cəmlənir: regionda müharibənin genişlənməsinin qarşısını almaq, enerji və ticarət marşrutlarının təhlükəsizliyini qorumaq, özünü əsas diplomatik mərkəz kimi möhkəmləndirmək. Türkiyə həm ABŞ, həm İran, həm də ərəb ölkələri ilə aktiv əlaqə saxlayır. Eyni zamanda, regional liderlərlə birbaşa dialoqu genişləndirir. Məqsəd tərəflər arasında minimum etimad mühiti yaratmaq və ən azı atəşkəs üçün zəmin formalaşdırmaqdır. Türkiyənin vasitəçilik rolu isə demək olar ki, onun sistemli siyasətinə çevrilib. Rəsmi Ankara son illərdə Ukrayna müharibəsi və taxıl sazişi kimi məsələlərdə qazandığı təcrübəni indi Yaxın Şərqə tətbiq etməyə çalışır. Bunu regionda yeni diplomatik mərhələnin başlanğıcı kimi də qiymətləndirmək olar. Türkiyə özünü təkcə regional güc yox, eyni zamanda münaqişələri idarə edən aktor kimi təqdim edir”.
Nuray Əliyeva