"Türkiyə regionda yeni müharibənin qarşısını almaq üçün vasitəçilik edir"- AÇIQLAMA
Türkiyə ilə İran arasında diplomatik təmaslar davam edir. Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında regiondakı son vəziyyəti və atəşkəs məsələsini müzakirə edib. Tərəflər bölgədə sabitliyin qorunması və mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında son vəziyyət gərgin olaraq qalır:
“Qarşılıqlı ittihamlar və lokal hücumlar davam edir. Görünür ki, müharibə yenidən başlaya bilər. Türkiyə vasitəçilik missiyasını yerinə yetirir, çünki regionda yeni savaşın alovlanması bu ölkə üçün də arzuolunmazdır. Atəşkəsin pozulması, tərəflərin tam razılığa gələ bilmədiyini göstərir. İran təkidlə Pakistan və Türkiyənin bu məsələdə ABŞ ilə münasibətlərə vasitəçilik etməsini istəyir, lakin müəyyən qədər vəziyyət stabilləşən kimi yenidən meydan oxuyur. Bu durum İrandakı hakimiyyət strukturlarının ziddiyyətindən doğur. İranda hətta ABŞ ilə danışığa getdiyinə görə Prezident Pezeşkiyanın, parlament sədri Qalibafın və XİN rəhbəri Əraqçinin əleyhinə aksiyalar belə keçirilir. Demək olar ki, hərbi hakimiyyəti ələ alan SEPAH konkret müharibə tərəfdarıdır. Belə bir durumda İranın ABŞ ilə sülhə gəlməsi mümkünsüz görünür. Hakan Fidanın Əraqçi ilə əlaqə saxlaması ola bilsin vəziyyətin yenidən ağırlaşması ilə bağlıdır. Çünki görünür ki, ABŞ Hörmüz boğazı ətrafına yenidən hərbi qüvvə toplayır və yeni hücumlara hazırlaşır. Eyni zamanda, Donald Trampın Türkiyədə verdiyi açıqlamalar savaşın yenidən başlaya biləcəyinin anonsu idi".
Politoloq əlavə edib ki, yeni müharibə region üçün də əlverişli deyil:
“Eyni zamanda, Yaxın Şərqdəki durumu olduqca neqativ proseslərə sürükləyə bilər. İranın atəşkəsə əməl etməsi müəyyən qədər vəziyyəti yumşaldar. Xüsusən son hücumlarda artıq Körfəz ölkələrinin də prosesə qoşulması, həmçinin ABŞ-nin yenidən sərt bəyanatlar verməsi gözlənilən müharibə ehtimalının aktuallığını göstərir".
Mehriban Yariyeva