00:00:00
Yazar
Elmira Ağayeva
12.05.2026 20:49 232 2 dəq oxuma
Siyasət

Türkiyə səfiri: Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələdədir

Türkiyə səfiri: Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələdədir

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib ki, iki ölkə arasında münasibətlər tarixdə ən yüksək səviyyəyə çatıb. Onun sözlərinə görə, siyasi, iqtisadi, enerji və mədəni sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir. Şuşa Bəyannaməsi isə Azərbaycan–Türkiyə münasibətlərini rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə yüksəldib.

 

 

Səfir həmçinin Türk Dövlətləri Təşkilatının formalaşmasını və qarşıdakı beynəlxalq tədbirləri əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirib.

 

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan–Türkiyə münasibətləri dünya miqyasında səmimi dostluq, qardaşlıq və etibarlı müttəfiqlik nümunəsi kimi seçilir:

 

“Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, digər ölkələr səmimi dövlətlərarası münasibətlərin necə qurulduğunu görmək istəyirsə, Azərbaycan və Türkiyə əlaqələrinə nəzər salmalıdır. Müasir beynəlxalq münasibətlər sistemində bu qədər yaxın, qarşılıqlı etimada əsaslanan və real qardaşlıq modelini əks etdirən ikinci dövlət cütlüyü demək olar ki, yoxdur.

 

Azərbaycan müstəqilliyinin ilk illərindən etibarən Türkiyə ilə sıx siyasi, iqtisadi və mədəni əlaqələr qurub və bu münasibətlərin inkişafında hər iki ölkə prinsipial mövqe nümayiş etdirib. Xüsusilə, Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlməsindən sonra Azərbaycan–Türkiyə münasibətləri yeni dinamika qazanıb. Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan səmimi dostluq və qardaşlıq münasibətləri dövlətlərarası əlaqələrə də müsbət təsir göstərib”.

 

 

Politoloq qeyd edib ki, Cənubi Qafqaz mürəkkəb və strateji əhəmiyyətə malik regiondur və yüksək münaqişə potensialı daşıyır:

 

 

“Bu baxımdan Azərbaycan və Türkiyə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Hərbi əməkdaşlıq müstəqilliyin ilk illərindən mövcud olsa da, 2007-ci ildən etibarən yüksək səviyyəli hərbi məsləhətləşmələrə, 2010-cu ildən isə mütəmadi birgə hərbi təlimlərə başlanılıb. Bu proses hər iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynayıb.

 

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan–Türkiyə münasibətlərini rəsmi müttəfiqlik müstəvisinə keçirib və regional təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm elementə çevrilib. Sənəd tərəflər arasında müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı öhdəliklərə əsaslanan yeni münasibətlər sisteminin əsasını qoyub.

O, həmçinin hərbi sənaye sahəsində əməkdaşlığın başlanmasını iki ölkənin strateji imkanlarının genişlənməsi baxımından mühüm addım kimi qiymətləndirib. Azərbaycan və Türkiyə regional və beynəlxalq platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində də aparıcı və müəyyənedici rol oynayır.

Xüsusilə, “3+3” regional əməkdaşlıq platformasının yaradılması iki ölkə liderinin birgə təşəbbüsü kimi regionda dialoq və sabitlik üçün mühüm imkanlar yaradır.

 

Nəticə etibarilə, Azərbaycan–Türkiyə münasibətləri “bir millət, iki dövlət” prinsipinə əsaslanan və müasir dövlətlərarası münasibətlər sistemində bənzərsiz nümunə kimi qalmaqdadır”.

 

 

Mələk Hüseynova

#Azərbaycan #Türkiyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər