00:00:00
Yazar
Lalə Qafarova
26.02.2026 20:29 16 3 dəq oxuma
Siyasət

"Türkiyə və Azərbaycan İranla ABŞ arasında problemin danışıqlar yolu ilə həllini arzulayır" - Fuat Oktay

"Türkiyə və Azərbaycan İranla ABŞ arasında problemin danışıqlar yolu ilə həllini arzulayır" - Fuat Oktay

 

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib. "Əgər İranda Suriyadakına bənzər bir qarışıqlıq baş verərsə, bunun bütün regiona və dünyaya təsiri fərqli olar. Amma bu təsir Azərbaycan və Türkiyədə daha güclü şəkildə hiss olunacaq. Elə bu səbəbdən də Türkiyə və Azərbaycan İran ilə ABŞ arasında problemin danışıqlar yolu ilə həllini arzu edir. Türkiyə bu istiqamətdə səylər göstərir".


Mövzu ilə bağlı  politoloq Fuad Abbasov “İnformator.az” a açıqlamasında  bildirib ki, Suriyanı xatırlasaq, müharibə səbəbindən çoxsaylı köçkün və qaçqınların müxtəlif ölkələrə üz tutacağını görərik:


“Düzdür, hazırda İran-Azərbaycan sərhədi bağlıdır, lakin müharibədən qaçan əhalinin sərhəd bölgələrinə gələrək Azərbaycana keçməyə cəhd etməsi ehtimalı var. İran indiyədək Suriya müharibəsi zamanı göstərdiyi mövqedən də göründüyü kimi, müsəlman əhaliyə qapılarını bağlamır. Bu səbəbdən çoxlu sayda qaçqın və köçkünlərin əsasən İran və Türkiyəyə yönələcəyi gözlənilir. İran müəyyən mənada məcbur qalaraq onları qəbul edəcək. Bununla yanaşı, belə bir münaqişə qonşu ölkələrin enerji bazarlarına da ciddi təsir göstərəcək. Xüsusilə nəzərə almaq lazımdır ki, İran dünya neft bazarında mühüm söz sahibidir. Münaqişənin başlaması neft bazarını çalxalayacaq və nəticədə neft qiymətləri yüksələcək. Neft qiymətlərinin artması ixracatçılar üçün müsbət, idxalçılar üçün isə mənfi təsir göstərəcək. Bu təsirləri Çin və Hindistan kimi iri idxalçı ölkələrə də şamil etmək olar. Ümumilikdə, Azərbaycan İranla qonşu və qeyri-sabitlik riski olan bölgədə yerləşdiyi üçün ölkəyə yönələn investisiyalar müvəqqəti olaraq dayandırıla və ya azala bilər. Nəticə etibarilə ticarət və logistika yolları bağlana, tranzit marşrutları ləğv oluna bilər. Bu isə region dövlətlərinə ciddi iqtisadi zərbə vura bilər. Əks ssenarini nəzərə alsaq, yəni ABŞ və İran arasında münasibətlər normallaşarsa, İrana qarşı tətbiq olunan sanksiyalar yumşaldıla bilər. Bu da İran əhalisi üçün geniş iqtisadi imkanlar yaradacaq. İran dünya bazarlarına, xüsusilə Avropaya, həm birbaşa, həm də tranzit yolu ilə enerji və digər məhsullarını ixrac edə biləcək. ABŞ-nin uzun illərdir üzləşdiyi təhlükəsizlik problemləri də müəyyən dərəcədə həll oluna, İsrailə qarşı hücum riski və digər gərginliklər təxirə salına bilər. Bu proseslər fonunda İranın bölgədə Ermənistanla bağlı mövqeyi zəifləyə bilər. Azərbaycan isə İranla qonşu ölkə kimi həm regional, həm də beynəlxalq layihələrdə daha ciddi söz sahibi ola bilər. İstər Xəzər dənizi üzərindən, istərsə də İranla quru sərhədi vasitəsilə bir çox beynəlxalq layihələr həyata keçirilə bilər. Ümumiyyətlə, Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsindən sonra regional məsələlərdə birgə fəaliyyət göstərirlər. Burada müsəlman həmrəyliyindən də söhbət gedir. Azərbaycan və İran xalqları dini, mədəni baxımdan bir-birinə yaxındır. İran və Türkiyə arasında ciddi qarşıdurma yoxdur. Türkiyə İranı müsəlman dövləti kimi qəbul edir.
Bu kontekstdə Rusiyanın rolu nisbətən ikinci plana keçə bilər, çünki Rusiya İranı bəzi məsələlərdə öz maraqları üçün istifadə edir. Əgər Azərbaycan və Türkiyə ortaq mövqelərinə İranı da daxil edə bilsələr və onun regional əməkdaşlıqda fəal iştirakına nail olsalar, bu, bütövlükdə region üçün müsbət nəticələr verə bilər”.

 

Selcan Xudiyeva

#yeni #həllini #"türkiyə #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər