Türkiyə yeni İrandır!- Bennett
“Xəbərdarlıq edirəm: Türkiyə yeni İrandır. Rəcəb Tayyib Ərdoğan isə İsraili mühasirəyə almaq istəyən mürəkkəb və təhlükəli rəqibdir. Gözlərimizi yenidən yummamalıyıq”.
Bunu İsrailin keçmiş Baş naziri Naftali Bennett deyib.
“Bəzi israilli rəsmilər Qətərdən maaş alarkən Qətər və Suriyada möhkəmlənən və İsrailin razılığı ilə Qəzzada mövcud olan Türkiyə, İrandakına bənzər yeni, qorxunc bir ”Müsəlman Qardaşları” oxunu qidalandırır. Həmçinin Səudiyyə Ərəbistanını bizə qarşı qızışdırmağa çalışır. Biz həm Tehrandan gələn təhdidə, həm də Ankaradan gələn düşmənçiliyə qarşı paralel şəkildə və müxtəlif yollarla hərəkət etməliyik”, - Bennett əlavə edib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə heç vaxt İran ola bilməz:
“İsrail və ABŞ ümumiyyətlə, dünyada İslam dəyərlərinə sadiq ölkə görmək istəmir. İslamın müsəlman aləmini müəyyən qədər birləşdirən dəyər, amil olduğunu düşünür və "parçala, hökm sür" siyasətinə maneə yaratdığını düşünür. Bunun üçün Qərbdə bir çox ideoloji institutlar fəaliyyət göstərir ki, onlar İslam dəyərlərini "insan haqlarının pozulması", "demokratik dəyərlərə zidd" kimi şüarlarla tənqid etmək, sıradan çıxarmağı hədəfləyir. Bəzən də müsəlman ölkələrində radikal qrupların fəaliyyətinə dəstək verərək nəticədə bundan təzyiq və hətta hərbi müdaxilə üçün bəhanə tapır. Türkiyədə də dini dəyərlərin üstün olması, indiki hakimiyyətin müsəlman ölkələrini müxtəlif maraqlar ətrafında toplaya bilməsini, əsasən İsrail təhlükə hesab edir. Türkiyə əsla İran ola bilməz. Bu, tamamilə yanlış mülahizədir. Əgər, Türkiyə İsrailin Qəzzada kütləvi insan tələfatına və işğala səbəb olan addımlarına etiraz edirsə, bu, onun İranla müqayisəsinə əsas vermir. Türkiyə sülh istəyir, bölgədə işğala və müsəlman soyqırımına son qoyulmasını tələb edir. İsrailin hədəfi Türkiyə ola bilər. Çünki dövlətin ideoloji prinsiplərinə görə "vəd edilmiş torpaqlar" və "böyük İsrail" planı var. Bu planda qonşu ərəb ölkələri ilə yanaşı, Türkiyənin bir hissəsinin işğalı da nəzərdə tutulur. Mümkündür ki, bu mənada İsrailin məqsədi ona mane olacaq bütün müsəlman ölkələrini ya neytrallaşdırmaq, ya da hakimiyyətini süqut etdirməklə hədəflərinə çatmaq olsun”.
Ekspert qeyd edib ki, Türkiyəyə qarşı hər hansı təhdid reallaşarsa, misli görünməmiş dünya müharibəsi başlayar:
“Türkiyənin əslində İranı müdafiə etməsinin səbəblərindən biri də budur ki, bəli, İsrail siyasiləri İrandan sonra hədəfin məhz Türkiyə olacağını səsləndirirlər. Bu, çox təhlükəli nəticə verə bilər. Belə çıxır ki, ABŞ, Qərb İsrailin əli ilə orta əsrlərdəki səlib yürüşlərini indi də bu üsulla həyata keçirir. Əslində isə Türkiyənin Fələstin məsələsində hüququ daha çoxdur. Çünki Osmanlı imperiyasının dövründə indiki İsrail və Fələstin uzun əsrlər məhz Osmanlının sadəcə bir vilayəti olub. İndi bu vilayətdə problemin çıxması ilk növbədə Türkiyəni narahat edir. İsrail Türkiyəni strateji təhdid olaraq götür. Çünki Türkiyə onun beynəlxalq hüquqa və insanlığa zidd olan törətdiklərinə ən sərt etiraz edən müsəlman ölkəsidir. Hazırda münasibətlər gərgindir. İsrailin yürütdüyü siyasət bütün region ölkələri, həmçinin Türkiyə üçün çox ciddi həyati təhlükə yaradır. İsrailin təhlükəli planlarına qarşı Türkiyənin müsəlman və ərəb ölkələri ilə müəyyən tədbirlər görməsi, müdafiə cəbhəsi formalaşdırmağa səyləri Tel Əviv üçün narahatlığa səbəb olub. Türkiyə İran deyil. Əgər, Türkiyəyə qarşı hansısa təhdid reallaşarsa, bu, misli görünməmiş dünya müharibəsinin başlanması olacaq. Əslində, İsrailin bu cür açıqlamaları Türkiyə və İranın Qəzza məsələsində eyni mövqedən çıxış etməsinə təkan verir. Sanki bütün dünya danışıqların, sülhün tərəfindədir, İsrail isə yalnız müharibə və işğalın. Hələ İrana müdaxilə edilməmişdən Türkiyənin anonsunu vermək, şübhəsiz ki, planetin məhvinə gətirəcək dünya müharibəsinin başlaması deməkdir. Çünki Türkiyəsiz nəinki region, ümumiyyətlə dünya ola bilməz”.
Lalə Qurbanlı
