00:00:00
Yazar
Zəhra Həsənova
18.11.2026 18:37 81 3 dəq oxuma
Siyasət

Üç ölkə liderlərinin görüşü "Şançjuanq" iqamətgahında keçiriləcək - ŞƏRH

Üç ölkə liderlərinin görüşü "Şançjuanq" iqamətgahında keçiriləcək - ŞƏRH

Rusiya, Çin və ABŞ liderlərinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşün məkanı və gündəliyi ilə bağlı bəzi detallar açıqlanıb. APEC sammiti çərçivəsində baş tutacaq görüşdə Vladimir Putin, Donald Tramp və Si Cinpinin bir araya gəlməsi, eləcə də Ukrayna münaqişəsinin həlli ilə bağlı dialoqun davam etdirilməsi imkanlarının müzakirəsi gözlənilir. Görüş noyabrın 19-da Çinin “Çilin Şançjuanq” iqamətgahında keçiriləcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasına siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Putin, Si Cinpin və Trampın görüşü İkinci Dünya müharibəsindən sonra dünya siyasi düzəninin formalaşmasında mühüm rol oynayan Yalta konfransı ilə müqayisə edilir.

 

“Putin, Si Cinpin və Trampın görüşü beynəlxalq müstəvidə “Yalta-2” və ya “Yeni Yalta” kimi qiymətləndirilir. Bu görüş İkinci Dünya müharibəsindən sonra Böyük Britaniya, ABŞ və SSRİ liderlərinin iştirak etdiyi Yalta konfransı ilə müqayisə olunur. Həmin konfransda müharibədən sonrakı dünya düzəni, xüsusilə Avropanın siyasi gələcəyi ilə bağlı razılaşmalar əldə edilib. Lakin hazırkı geosiyasi vəziyyət 1945-ci ildən ciddi şəkildə fərqlənir. Həmin dövrdə faşizm üzərində qələbədən sonra müttəfiq dövlətlər arasında müəyyən ortaq razılaşmalar mövcud idi. İndiki halda isə Putin, Si Cinpin və Tramp arasında ortaq yanaşmalar məhduddur. Əksinə, bu üç ölkənin maraqları arasında ciddi ziddiyyətlər və fikir ayrılıqları var. Bu səbəbdən görüşü qlobal təsir dairələrinin bölüşdürülməsi və yeni dünya nizamının formalaşdırılması istiqamətində başlanğıc kimi qiymətləndirmək hələlik çətindir”. 


Ekspert qeyd edir ki, hər üç liderin əsas məqsədlərindən biri qlobal siyasətdə öz ölkələrinin aparıcı rolunu nümayiş etdirməkdir. Onlar beynəlxalq ictimaiyyətə qlobal proseslərdə əsas söz sahibinin məhz bu üç dövlət olduğu mesajını verməyə çalışırlar. Xüsusilə, Avropanın bu müzakirə platformasında təmsil olunmaması diqqət çəkir və qlobal qərarların qəbulunda Avropanın rolunun arxa plana keçdiyi görüntüsünü yaradır.

 

Siyasi şərhçi hesab edir ki, ABŞ və Rusiya münasibətlərinə gəldikdə isə, Trampın hakimiyyətə gəlişindən sonra Vaşinqtonun Moskva ilə yaxınlaşma siyasəti yürütməsi iki ölkə arasında anlaşma imkanlarını artırıb. Tramp administrasiyası Rusiyaya qarşı əvvəlki yanaşmadan fərqli olaraq, daha çox razılaşma və dialoq xəttindən çıxış edir. Bu yanaşma müəyyən mənada Rusiyanın maraqlarına uyğundur. Tərəflər arasındakı əsas ziddiyyətlərdən biri isə Ukrayna məsələsidir. Bununla yanaşı, ABŞ-Rusiya münasibətlərindəki problemlərə təkcə Tramp administrasiyasının deyil, bütövlükdə Amerika siyasi elitasının yanaşması da təsir göstərir. Tramp və Putin arasında birbaşa təmaslar müəyyən ortaq mövqelərin formalaşmasına və mövcud fikir ayrılıqlarının dialoq yolu ilə müzakirəsinə şərait yarada bilər. Hətta ciddi nəticə əldə olunmasa belə, tərəflərin danışıqları davam etdirmək barədə razılığa gəlməsi müsbət addım sayıla bilər.

 

Asif Nərimanlının sözlərinə görə, üç liderin görüşünün qlobal sülhün təmin olunmasına real töhfə verəcəyini söyləmək isə çətindir. Çünki hər üç ölkə arasında müxtəlif geosiyasi məsələlərlə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Tayvan məsələsi Çin və ABŞ arasında əsas problemlərdən biri olaraq qalır. Ukrayna müharibəsi ABŞ və Rusiya münasibətlərindəki ziddiyyətlərin başlıca mənbəyidir. Çinin bu məsələyə yanaşması da fərqlidir və Pekin bütün hallarda Moskvanın mövqeyini tam şəkildə dəstəkləmir. İran məsələsində də Rusiyanın, Çinin və ABŞ-nin maraqları və yanaşmaları bir-birindən fərqlənir.


Siyasi şərhçi qeyd edir ki, bu üç dövlətin qlobal münaqişələrin həllinə real təsir göstərməsi üçün ilk növbədə Tayvan, Ukrayna və İran məsələlərində müəyyən razılaşmalar əldə etməsi vacibdir. Lakin bu məsələlər geosiyasi mübarizənin əsas istiqamətləri olduğundan, tərəflərin ortaq mövqeyə gəlməsi kifayət qədər çətin görünür. Bu baxımdan, görüşün praktik nəticələrindən daha çox siyasi və simvolik əhəmiyyəti ola bilər. Hər üç lider qlobal təhlükəsizliyin təmin edilməsində və beynəlxalq proseslərin idarə olunmasında əsas söz sahibinin məhz onların ölkələri olduğunu nümayiş etdirməyə çalışacaqlar. Ancaq mövcud ziddiyyətləri nəzərə alsaq, bu görüşün Ukrayna, İran və Tayvan məsələləri başda olmaqla, müxtəlif regionlardakı münaqişələrin həllinə ciddi və praktik töhfə verəcəyini düşünmürəm.

 

Arzum Ağazadə

#ölkə #baki #azərbaycan #gündəm #iqamətgahında
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər