00:00:00
Yazar
Zəhra Həsənova
12.08.2026 20:42 25 4 dəq oxuma
Siyasət

“Üçlü barış olarsa, koridora ehtiyac olmaz” - Hasan Oktay

“Üçlü barış olarsa, koridora ehtiyac olmaz” - Hasan Oktay

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüşdə regionda sülh gündəliyi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və regional əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflərin təmasları Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi baxımından diqqət çəkir.

Mövzu ilə bağlı siyasi şərhçi Hasan Oktay Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin Vaşinqtonda keçirilən üçtərəfli görüşünü, Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesini və TRIPP layihəsinin perspektivlərini şərh edib.

Ekspert “İnformator.az”a açıqlamasında  bildirib ki, avqustun 10-da Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və ABŞ Dövlət Departamentinin Siyasi İşlər üzrə müşaviri Allison Hooker arasında keçirilən görüşü son bir ilin prosesləri və 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunan razılaşmaların davamı kimi qiymətləndirmək daha doğru olar:

 

“Bu görüşü sıradan bir diplomatik təmas kimi qiymətləndirməmək lazımdır. Əsas məsələ 8 avqust 2025-ci il Vaşinqton sammitində ortaya çıxan siyasi çərçivənin bir il sonra institusionallaşdırılmağa çalışılmasıdır. 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşdə Azərbaycan-Ermənistan sülh sazişinin mətninin paraflanması, kommunikasiya xətlərinin açılması və TRIPP layihəsinin inkişafı ilə bağlı mühüm qərarlar qəbul edilib.
Bu qərarın həyata keçməsi üçün əvvəlcə Türkiyə, Ermənistan və Azərbaycan arasında üçlü sülh təmin olunmalıdır. Bu razılaşma olmadan Zəngəzur və ya TRIPP-in həyata keçirilməsi mümkün deyil. Üçlü anlaşma olarsa, koridorlara da ehtiyac qalmaz”.

O, hazırkı mərhələdə prosesin “sülh olacaqmı?” sualından “Vaşinqtonda formalaşan siyasi razılaşma necə həyata keçiriləcək?” sualına keçdiyini bildirib.

Hasan Oktay xüsusilə , TRIPP layihəsinin gündəmə gəlməsini mühüm hesab edir. Məsələ artıq yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından ibarət deyil:

 

“Artıq məsələ yalnız Azərbaycan-Ermənistan arasındakı siyasi münasibətlərin normallaşması deyil. Söhbət Cənubi Qafqazın nəqliyyat, enerji, ticarət xəritəsinin yenidən formalaşdırılmasından gedir. ABŞ bu prosesdə təkcə vasitəçi kimi çıxış etmir, həm də Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi düzənin formalaşdırılmasında fəal rol almağa çalışır. TRIPP vasitəsilə regionda yeni bağlantı imkanlarının yaradılması İranın da narahatlığına səbəb olur. ABŞ bu addım vasitəsilə İranı əhatə etmək istəyir. Buna görə də, İran Zəngəzur və TRIPP-ə qarşı çıxır. ABŞ-nin prosesdəki təsiri üç istiqamətdə özünü göstərə bilər. Birincisi, Vaşinqton tərəfləri danışıqlar masasında saxlamaq üçün siyasi çəkiyə malikdir. İkincisi, TRIPP kimi layihələr sülhün iqtisadi əsaslarının formalaşdırılmasına xidmət edə bilər. Üçüncüsü isə ABŞ Azərbaycan və Ermənistan arasında normallaşmanı daha geniş regional bağlantı layihəsinə çevirməyə çalışır.
Azərbaycan-Ermənistan danışıqlarının əsas parametrləri Vaşinqtonda sıfırdan formalaşmayıb. Azərbaycan uzun müddətdir suverenlik, ərazi bütövlüyü, qarşılıqlı tanınma və dövlətlərarası normallaşma əsasında sülh modelini müdafiə edir. 2025-ci il Vaşinqton deklarasiyası da tərəflərin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlər əsasında yanaşmasını təsdiqləyib. ABŞ administrasiyasının əsas uğuru mövcud siyasi nəticəni yüksək səviyyədə dəstəkləmək və onu iqtisadi bağlantı layihələri ilə gücləndirməkdir. ABŞ-nin regiondakı rolunun həddindən artıq genişlənməsi Rusiya, İran və Türkiyə üçün yeni suallar yarada bilər. ABŞ-nin ən uğurlu siyasəti regionu öz nüfuz dairəsinə çevirmək deyil, Azərbaycan və Ermənistanın normallaşmasını asanlaşdıran xarici təminat və iqtisadi təşviq mexanizmi yaratmaq olardı. Vaşinqton görüşündən sonra prosesin üç əsas istiqamətdə davam edəcək. İlk istiqamət sülh sazişinin imzalanması və ratifikasiyasıdır. 2025-ci il Vaşinqton deklarasiyasında saziş mətninin paraflandığı və yekun imza və ratifikasiya üçün əlavə addımların zəruri olduğu artıq qeyd edilib. Bundan sonrakı əsas hədəf paraflanmış mətnin hüquqi baxımdan məcburi dövlətlərarası sazişə çevrilməsidir. İkinci istiqamət TRIPP layihəsinin konkretləşdirilməsidir. Əsas geosiyasi mübarizə də məhz bu məsələdə ortaya çıxa bilər. TRIPP sadəcə dəmir yolu layihəsi deyil. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən bağlantının yaradılması, bunun daha geniş beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyası, həmçinin enerji və fiber-optik bağlantıların yaradılması nəzərdə tutulur. Üçüncü istiqamət isə Türkiyənin prosesdəki mövqeyidir. Azərbaycan-Ermənistan sülhü ilə Türkiyə-Ermənistan normallaşması bir-birinə bağlana bilər, amma eyni proses kimi görülməməlidir".

 

"TRIPP daxilindəki problemlər nəzərə alındıqda üçlü sülhdən başqa yol yoxdur".

 

Türkiyə üçün sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması və nəqliyyat bağlantılarının inkişafı ayrı-ayrılıqda qiymətləndirilməlidir. Məsələ artıq müharibənin başlayıb-başlamayacağından çox, yeni düzənin necə qurulacağıdır. Hazırkı prosesi “Azərbaycan-Ermənistan sülhü tamamlandı” kimi deyil, “sülhdən sonrakı düzənin qurulması başladı” kimi qiymətləndirmək lazımdır. 2020-ci il müharibənin nəticəsini dəyişdi. 2023-cü il Azərbaycanın sahədəki suverenlik problemini böyük ölçüdə bağladı. 2025-ci il Vaşinqton prosesi bu yeni reallığı diplomatik çərçivəyə daşıdı. 2026-cı ildəki Vaşinqton görüşləri isə bu çərçivənin iqtisadi və regional infrastrukturunun qurulması mərhələsinə keçildiyini göstərir. Bundan sonrakı əsas məsələ Cənubi Qafqazda yaradılacaq yeni düzənin hansı qaydalar əsasında formalaşacağıdır. ABŞ TRIPP vasitəsilə iqtisadi bağlantı yaratmağa, Azərbaycan bunu öz geosiyasi və nəqliyyat məqsədləri baxımından reallaşdırmağa, Ermənistan isə bu bağlantını iqtisadi normallaşma və regional açılım imkanı kimi qiymətləndirməyə çalışır”.

 

Hasan Oktay hesab edir ki, prosesin uzunmüddətli və dayanıqlı olması üçün Türkiyə, Rusiya və İranın təhlükəsizlik narahatlıqları da nəzərə alınmalıdır:

 

“Əks halda sülh layihəsi yeni geosiyasi rəqabət sahəsinə çevrilə bilər. Qısa və konkret desək, Cənubi Qafqaza sülhün gəlməsi üçün daxili çevrədə çox diqqət çəkməyəcək üçlü sülh - Azərbaycan, Ermənistan və Türkiyənin ilkin şərtsiz razılaşması lazımdır. Bu sülh olarsa, xarici çevrənin təzyiqləri azalır. Üçlü sülh olarsa, koridora ehtiyac olmaz”.


Fatimə Hüseynli

#xəbər #koridora #olmaz” #barış #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər