Ukrayna Başqırdıstanda "Wildberries" logistika habına zərbə endirib
Ukrayna avqustun 13-də gecə Başqırdıstanda “Wildberries” logistika mərkəzinə zərbə endirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Ukraynanın Başqırdıstanda “Wildberries” logistika habına zərbə endirməsi, ilk növbədə, müharibənin coğrafiyasının Rusiyanın daha dərin arxa cəbhəsinə doğru genişlənməsi baxımından diqqət çəkir:
“Əgər obyektin vurulması və hücumun detalları təsdiqlənərsə, bu, Kiyevin yalnız sərhədyanı və hərbi-sənaye infrastrukturu deyil, Rusiyanın logistika imkanlarına təsir göstərə biləcək uzaq məsafəli hədəflərə də çatmaq qabiliyyətini nümayiş etdirməsi kimi qiymətləndirilə bilər. Belə hücumların əsas məqsədlərindən biri Rusiyanı hava hücumundan müdafiə vasitələrini cəbhə xəttindən uzaqda yerləşən daha geniş ərazilərə bölüşdürməyə məcbur etməkdir. Eyni zamanda, mülki kommersiya obyektinin vurulması ilə bağlı iddialar hadisənin hüquqi və siyasi tərəfini də ön plana çıxaracaq; obyektin hərbi məqsədlərlə istifadə olunub-olunmadığı burada mühüm məsələdir”.
Politoloq qeyd edib ki, hadisənin digər mühüm tərəfi isə bu cür zərbələrin müharibənin ümumi gedişinə mümkün təsiridir:
“Hadisə müharibənin ümumi gedişində dərhal strateji dönüş yaratmaya bilər, lakin bu tip zərbələrin sistemli xarakter alması Rusiyanın logistika zəncirləri, iqtisadi fəaliyyəti və daxili təhlükəsizlik tədbirləri üzərində əlavə təzyiq yarada bilər. Moskvanın cavabı isə Ukraynanın enerji, nəqliyyat və digər strateji infrastrukturlarına qarşı uzaqmənzilli zərbələrin intensivləşdirilməsi şəklində ola bilər ki, bu da qarşılıqlı eskalasiya riskini artırır. Digər mühüm məqam Rusiya cəmiyyətində müharibənin yalnız sərhəd bölgələrinin problemi olmadığı hissinin güclənməsidir. Bu baxımdan Başqırdıstandakı hadisə təkcə hərbi deyil, həm də psixoloji və siyasi təsir vasitəsi kimi qiymətləndirilə bilər və müharibənin arxa cəbhə anlayışını getdikcə daha çox zəiflədiyini göstərir”.
Nurgün Qənizadə