Ukrayna diplomatik qapıları açmaq niyyətindədir
Rəsmi Kiyev Türkiyədən Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşün təşkili imkanlarını nəzərdən keçirməsini xahiş edib. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın da iştirak edə biləcəyini bildirib. O, Türkiyənin diplomatik səylərini yüksək qiymətləndirib.
Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, Kiyevin təşəbbüsü əslində Ukraynanın diplomatik kanalları açıq saxlamaq niyyətini göstərir:
“Bu addım Zelenskinin yalnız hərbi qələbəyə deyil, eyni zamanda siyasi nəticəyə də fokuslandığını göstərir. Xüsusilə, ABŞ-də seçki mühitinin yaxınlaşdığı və Qərbin Ukraynaya dəstəyinin uzunmüddətli perspektivdə necə davam edəcəyinin sual altında olduğu bir mərhələdə Ukrayna mümkün danışıqlar üçün zəmin yaratmağa çalışır. Bu, həm də rəsmi Kiyevin özünü sülhə açıq tərəf kimi təqdim etməsi baxımından informasiya mühitində üstünlük qazandırır. Türkiyənin vasitəçi kimi seçilməsi isə təsadüfi deyil. Rəcəb Tayyib Ərdoğan son illərdə həm Moskva, həm də Kiyev ilə münasibətləri qoruyub saxlayan nadir liderlərdəndir. Türkiyə NATO üzvü olsa da, Rusiya ilə enerji, ticarət və regional təhlükəsizlik sahələrində dialoqu davam etdirə bilir. Bu balanslı mövqe rəsmi Ankaraya etimad qazandırır. Bu səbəbdən Türkiyənin vasitəçiliyi daha çox dialoq platforması yaratmaq baxımından effektiv ola bilər, lakin qısa müddətdə dərin etimad quruculuğu gözləmək real deyil. Digər tərəfdən, mümkün görüşdə Trampın da iştirak ehtimalı prosesi daha mürəkkəbləşdirir”.
Politoloqun sözlərinə görə,bu addım danışıqlara əlavə siyasi dəstək verə bilər:
“Təşəbbüs prosesi böyük güclər arasında geosiyasi rəqabət platformasınada çevirə və beynəlxalq vasitəçilik institutlarını zəiflətməkdən daha çox, onları transformasiya edə bilər. Ənənəvi formatlar-məsələn, BMT və ya ATƏT çərçivələri- son dövrlərdə effektivlik baxımından məhdud görünür və yeni, daha çevik regional vasitəçilərə ehtiyac yaranır. Konkret ölkələrin önə çıxması bu boşluğu doldurur və çoxqütblü diplomatiya modelini gücləndirir. Bu baxımdan atılan addım həm regional güclərin rolunu artırır, həm də qlobal diplomatiyada yeni formatların formalaşmasına təkan verir”.
Mələk Hüseynova