00:00:00
Yazar
Aysel Mirzəyeva
27.04.2026 20:01 26 3 dəq oxuma
Siyasət

Ukrayna ilə yaxınlaşma Bakının balans siyasətində yeni mərhələ açacaqmı?

Ukrayna ilə yaxınlaşma Bakının balans siyasətində yeni mərhələ açacaqmı?

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Ukrayna Prezidentinin Azərbaycana səfəri çərçivəsində Qəbələdə ukraynalı həmkarı Andrey Sibiqa ilə görüş keçirib. Nazirlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivlərini müzakirə edib, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

 

Bu mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın Ukrayna ilə imzaladığı saziş və ümumiyyətlə, Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri Bakının balans siyasətində hər hansısa bir dəyişiklik mənasına gəlmir:

 

“Məsələ ondan ibarətdir ki, rəsmi Bakı bu günə qədər sərgilədiyi mövqeyin davamını etdirir. Məsələn, Rusiya-Ukrayna müharibəsi başlandığı ilk gündən etibarən Azərbaycan tərəfi bu müharibənin işğal müharibəsi olduğunu bəyan edib və bu müharibəni dəstəkləmədiyini açıq şəkildə bildirib. Çünki Azərbaycanın özü də 30 ildən artıq işğala məruz qalmış, torpaqlarının 20 faizi Ermənistanın işğal etdiyi bir ölkə olub. İşğala məruz qalan bir ölkənin başqa bir işğal aktını dəstəkləməsi heç bir məntiqə, ən önəmlisi isə beynəlxalq hüquqa sığan davranış deyil. Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərini və aliliyini dəstəkləyən ölkədir. Ona görə də, Ukraynanın ərazilərinin Rusiya tərəfindən işğalını heç vaxt tanımayıb. Lakin buna rəğmən, Azərbaycan tərəfi Rusiyaya qarşı açıq mövqe də sərgiləməyib. Yəni Rusiyaya qarşı Avropa İttifaqı və ABŞ ilə birlikdə sanksiya, siyasi və iqtisadi təzyiqlərdə yer almayıb”.

 

Politoloq vurğulayıb ki, bu, Bakının balans siyasətindən əlavə gələcək perspektivə hesablanmış addımlardır:

 

“Bunun nəticəsi kimi, Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycana səfəri zamanı təklif edib ki, Rusiya-Ukrayna danışıqları Azərbaycanda baş tutsun. Bu, bir daha onu deməyə əsas verir ki, həm Rusiya, həm də Ukrayna üçün Azərbaycan etibarlı tərəfdaş olmaqla yanaşı, təhlükəsizlik platforması rolunu da oynaya bilər. Vladimir Zelenski prezidentliyi dövründə müharibə başlanandan sonra ilk dəfədir ki, Mərkəzi Asiya və ya Cənubi Qafqaz regionunda bir ölkəyə səfər edir və bu ölkə məhz Azərbaycandır. Bu, onun Azərbaycana və Azərbaycan Prezidentinə göstərdiyi diqqətin real göstəricisidir. Qısa müddət öncə də Rusiya tərəfdən nümayəndələrin Azərbaycana səfəri baş tutmuşdu. Bu, hər iki tərəfin indiki məqamda Bakını sülh platforması üçün uyğun məkan kimi gördüyü mənasına gələ bilər”.

 

Həmçinin politoloq vurğulayıb ki, Azərbaycan tərəfi belə danışıqları qəbul etməyə hazırdır:


“Bu, təhlükəsizliyi təmin edə bilər. Həm təhlükəsizlik platforması kimi, həm də konstruktiv vasitəçi kimi tərəfləri uzlaşdırmağa nail ola bilər. Ukrayna ilə yaxınlaşma digər tərəfdaş ölkələr üçün risk yaratmır. Əgər müharibə edən ölkələrlə əməkdaşlıq qadağan olsaydı, Azərbaycan bu gün blokada şəraitində yaşamalı idi. Azərbaycan müharibə şəraitində olsa belə, beynəlxalq təşkilatlarda təmsil olunub, bir çox təşkilatlara liderlik edib, əməkdaşlıqları inkişaf etdirib və iqtisadi layihələr həyata keçirib. İndi Ukrayna ilə əməkdaşlığımız heç bir ölkənin təhlükəsizliyinə və suverenliyinə təhdid deyil. Bizim bu ölkə ilə iqtisadi, siyasi və diplomatik sahələrdə yüksək əlaqələrimiz mövcuddur. Eyni şəkildə Rusiya ilə də əlaqələrimiz var. Hətta Rusiya ilə strateji tərəfdaşlıq sazişimiz mövcuddur. Azərbaycan-Ukrayna münasibətləri dövlətlərarası münasibətlərdir və bu tip münasibətlər regionun güc balansına birbaşa təsir elementi daşımır. Rəsmi Bakı Cənubi Qafqazın güc balansını dəyişib. Bunu hansısa ölkə ilə münasibətlər yox, ümumi xarici siyasi kursu ilə edib. Cənubi Qafqazdakı balans Bakının xeyrinə dəyişir və bu proses uzun müddətdir davam edir. Amma bunun hansısa ölkələrlə əməkdaşlıqdan qaynaqlandığını demək doğru olmaz”.

 

Günel Əlili

#gündəm #ukrayna #yaxınlaşma #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər